Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də Nyu-Yorkda "Neuberger Berman" şirkətinin sədri və baş icraçı direktoru Corc Volker ilə görüşüb.
Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, görüşdə Azərbaycan ilə "Neuberger Berman" şirkəti arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev ölkəmizin beynəlxalq maliyyə qurumları və nüfuzlu investisiya şirkətləri ilə əməkdaşlığın genişləndirilməsinə önəm verdiyini vurğulayaraq, bu xüsusda "Neuberger Berman" şirkəti ilə tərəfdaşlığın bundan sonra da uğurla davam edəcəyinə inamını ifadə edib.
Söhbət zamanı Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı ildən etibarən bu şirkətlə səmərəli tərəfdaşlığının ölkəmizin maliyyə sektorunun inkişafına və beynəlxalq investisiya imkanlarının genişlənməsinə töhfə verdiyi vurğulanıb.
Corc Volker rəhbərlik etdiyi şirkətin qlobal maliyyə və investisiya fəaliyyəti barədə məlumat verərək, Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O, regionda baş verən iqtisadi proseslərin şirkət üçün əhəmiyyətini vurğulayıb, yeni layihələr çərçivəsində tərəfdaşlığın genişləndirilməsi üçün mövcud imkanların dəyərləndirildiyini bildirib.
1939-cu ildə təsis edilən "Neuberger Berman" qlobal investisiya idarəetmə şirkətidir. Hazırda şirkət beynəlxalq institutlar, məsləhətçilər və fərdi investorlar üçün 508 milyard ABŞ dolları həcmində aktivləri idarə edir. 25 ölkədə fəaliyyət göstərən şirkət "Pensions & Investments" nəşri tərəfindən 1000-dən çox əməkdaşı olan şirkətlər arasında "İnvestisiya idarəçiliyində ən yaxşı iş yeri" adına layiq görülüb və son 8 ilin hər birində birinci və ya ikinci yeri tutub.
Təbii ki, bu əməkdaşlığın kökündə bir neçə səbəb var. Onu qeyd etmək lazımdır ki, bu, bir daha Azərbaycanın investisiya yatırılması üçün cəlbedici ölkə olması, nəhəng şirkətlərin diqqətini çəkməsini göstərir. Azərbaycandakı sabitlik "Neuberger Berman" kimi yarım trilyon dollar dəyərində aktivləri idarə edən maliyyə şirkətinin Azərbaycanla əməkdaşlığa sövq edən iqtisadi sabitlik, regionda Azərbaycanın aktiv mövqeyi, həyata keçirilən islahatlar böyük rol oynayıb. Bu, bir daha Azərbaycanın qeyri-neft sektorunun inkişafında qətiyyətini, iqtisadiyyatın diversifikasiyası istiqamətində qarşıya qoyulmuş hədəflərə doğru irəliləməsinin bariz nümunəsidir. Bu əməkdaşlıq Azərbaycanda qeyri-neft sektorundan əldə edilən gəlirlərin artmasında, iqtisadiyyatın şaxələndirilməsində əhəmiyyətli rol oynayacaq.