Xocalı xalqımızın sağalmaz dərdidir, xalqımıza qarşı törədilən soyqırımıdır, ötən əsrin ən böyük cinayətidir. Yalnız Azərbaycan millətinə mənsub olduqlarına görə günahsız insanlar - qocalar, qadınlar və uşaqlar həlak olub, zərər çəkiblər.
Oxu.Az xəbər verir ki, bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev “Rossiya-24” telekanalına müsahibəsində deyib.
Ölkə başçısı bildirib: “Azərbaycan xalqı heç vaxt bu faciəni unutmayacaq, həmişə xatırlayacaq. Bu, bizim yaddaşımızda həmişəlik qalacaq. Əsas odur ki, belə faciələr daha heç vaxt təkrar olunmasın.
Daha heç vaxt heç bir xalqa qarşı belə dəhşətli soyqırımı hadisəsi, milli əlamətə görə qırğın törədilməsin. Azərbaycan dövləti, xalqı həlak olanların xatirəsini əziz tutur, yad edir və onların xatirəsi bizim üçün müqəddəsdir.
Həmin faciəli gecədə xilas olanlar həmişə bizim üçün fiziki zədələr, mənəvi yaralar alan, həmin qətliamı yaşayan insanlar kimi qalacaqlar.
Biz bu adamların aqibətini yüngülləşdirmək üçün əlimizdən gələni edirik, dövlət onlara kömək edir və edəcək. Bir daha demək istəyirəm, biz hamımız çalışmalıyıq ki, belə faciələr bəşəriyyət tarixində bir daha olmasın”.
Prezident: Xocalı xalqımızın sağalmaz dərdidir - VİDEO