Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Prezidentdən fərman: Bu qurumlar Səhiyyə Nazirliyinin tabeliyindən çıxarıldı
Prezidentin 2006-cı il 25 may tarixli 413 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin strukturu”nda və “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 20 dekabr tarixli 418 nömrəli fərmanında dəyişiklik edilib.
Oxu.Az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Qeyd edək ki, 2006-cı il 25 may tarixli 413 nömrəli fərmanla “Səhiyyə Nazirliyi haqqında Əsasnamə” və “Səhiyyə Nazirliyinin strukturu” təsdiqlənmişdi.
Yeni fərmanla “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin strukturu”nun 2-ci hissəsinin birinci, ikinci və üçüncü bəndləri ləğv edilib.
Ölkə başçısının fərmanında qeyd edilir ki, Prezidentin “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilsin.
2-ci hissə aşağıdakı redaksiyada verilib:
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olan Bakı Şəhər Baş Səhiyyə İdarəsi, Gəncə Şəhər Səhiyyə İdarəsi, Sumqayıt Şəhər Səhiyyə şöbəsi, habelə tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri (Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və onun şöbələri, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin tabeliyindəki dezinfeksiya stansiyaları və profilaktik dezinfeksiya şöbələri, Bakı Şəhər Dezinfeksiya Stansiyası və onun bölmələri, tibb tədris müəssisələri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və onun filialları, Milli Onkologiya Mərkəzi və onkoloji xəstəxanalar (dispanserlər), Respublika Leproz (Cüzam) Xəstəxanası, taun əleyhinə stansiya və şöbələr, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, ailə planlaması məsləhətxanaları və mərkəzləri, ailə və nikah məsləhətxanaları, “Tibb” qəzeti, “Azərbaycan Tibb Jurnalı”, Azərbaycan Respublikası Dövlət Elmi-Tibbi Kitabxanası, Azərbaycan Təbabəti Muzeyi, Analitik Ekspertiza Mərkəzi, “Azərtibbtəchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti, sanatoriyalar və kurort üsulları ilə müalicə edən tibb müəssisələri, Bakı Sağlamlıq Mərkəzi, Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti, İnformatika və Statistika İdarəsi, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi, İnnovasiya və Təchizat Mərkəzi, psixiatrik və narkoloji xidmətlər göstərən tibb müəssisələri, habelə körpələr evləri istisna olmaqla) TƏBİB-in tabeliyinə verilsin.
3.6-cı bənd aşağıdakı redaksiyada verilib:
“Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərini (işçilərin əməkhaqlarının (o cümlədən əməkhaqqına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiqi istisna olmaqla) TƏBİB həyata keçirir.
Fərmanla sənədə aşağıdakı məzmunda 3.7-ci bənd əlavə edilib:
Bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2.4-cü maddəsində qeyd olunan publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərini (işçilərin əməkhaqlarının (o cümlədən əməkhaqqına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiqinə münasibətdə) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həyata keçirir.
6.5.7-ci yarımbənddə “müəssisələrdə” sözü “tibb müəssisələrində” sözləri ilə əvəz edilsin və həmin yarımbənddən “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə birlikdə” sözləri çıxarılıb.