Azərbaycan ABŞ ilə münasibətlər üçün Rusiya ilə olan münasibətlərini qurban verməyəcək, amma özü üçün sərfəli olan Qərb iqtisadi layihələrində iştirak etmək imkanını da əldən verməyəcək, - Rusiya Federasiyası Dövlət Dumasının Beynəlxalq işlər üzrə Komitəsinin sədri Aleksey Puşkov bu gün mətbuat konfransı zamanı bildirib.
Oxu.Az bu barədə “Vestnik Kafkaza”ya istinadən xəbər verir.
“Mən düşünmürəm ki, Birləşmiş Ştatlarla münasibətlər üçün Azərbaycan Rusiya ilə olan münasibətlərini qurban versin. Bizim ümumi sərhədlərimiz, Azərbaycan və rus xalqı arasında tarixi, çox yaxın münasibətlərimiz mövcuddur.
Azərbaycan hökuməti bunu bilir və Rusiyanın bizə qonşu olan ölkələrdə dövlət çevrilişlərində deyil, sabitlik və tənzimlənmiş siyasi prosesdə maraqlı olduğunu bilir.
Ona görə də Azərbaycanın Qərb ilə mövcud iqtisadi layihələrində təhlükə görmürəm. Mən Azərbaycan və Rusiya münasibətləri üçün təhlükə görmürəm”, - Dövlət Dumasının Beynəlxalq işlər üzrə Komitəsinin sədri bildirib.
“Mən Azərbaycanın qərb ölkələrinin iştirak etdiyi hər hansı bir layihədə iştirak etməsini Rusiya üçün avtomatik olaraq neqativ hesab etmirəm. Azərbaycandan özü üçün sərfəli olan imkanları nəzərdən keçirməməyi gözləmək qəribə olardı”, - Aleksey Puşkov qeyd edib, eyni zamanda Rusiya və Azərbaycan arasında münasibətlərin dayanıqlı xarakterə malik olmasını da vurğulayıb.
“Biz çox sabitik. Mənə elə gəlir ki, Amerika səfirliyinin Bakıda fəaliyyəti, əsasən də bu fəaliyyətin siyasi aspektləri bir sıra suallar doğurur. Axı “narıncı inqilab” mövzusunu Amerikanın xarici siyasətində heç kim ləğv etməyib. Və düşünürəm ki, ABŞ-ın bir sıra dövlətlərdə “narıncı inqilab”lara göstərdiyi kömək, ABŞ ilə münasibətlər qurarkən Azərbaycan hakimiyyəti tərəfindən nəzərə alınır.
Ona görə də ABŞ ilə münasibət həddan artıq təzadlı bir şeydir. Yəni, bir tərəfdən burada əlverişli aspektlər ola bilər, digər tərəfdən isə dövlət üçün onlar olduqca təhlükəli ola bilər”, - Duma komitəsinin rəhbəri bildirib.