Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Putinin mətbuat katibi: Rusiya Qafqazda sülh və stabilliyin hökm sürməsini istəyir
Rusiya dövlətinin rəhbəri Vladimir Putinin təşəbbüsü ilə ötən bazar günü Soçidə keçirilən Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin danışıqları mürəkkəb və eyni zamanda çox vacib idi, bunu RF prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
“Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan prezidenti Serj Sarkisyanın görüşü baş tutub. Danışıqlar mürəkkəb idi, belə ki, tərəflərin çox ciddi fikir ayrılıqları var. Mövcud təzadları nəzərə alaraq keçən görüş çox aktual idi”, - bunu Peskov “Vestnik Kafkaza”-nın müxbiri Fuad Səfərovun sualını cavablandırarkən bildirib, Oxu.Az xəbər verir.
Mətbuat katibi qeyd edib ki, Rusiyanın məqsədi Qafqazda tərəflərin heç bir şeyə məcbur edilmədən sülhün və stabilliyin bərqərar olmasıdır. Hər şeydən öncə Rusiya tərəflərin razılığa gələ biləcəkləri və ümumi fikrə gələcəkləri görüşlərin zamini olmağa çalışır.
“Rusiya Qafqazda sülh və stabilliyin hökm sürməsini istəyir. RF tərəfindən düzənlənən sülh danışıqları, məhz bu məqsədi güdür. Əsas odur ki, tərəflər hər hansı bir qərarı qəbul etməyə məcbur qalmasın – onlar özləri qarşılıqlı anlaşmaya və vahid fikrə gəlməlidirlər. Rusiya bu görüşlərin zəmanətçisi ola bilər. Cənab Putinin dediyi kimi, tərəflər bir-birinə hörmət etməli və könüllü şəkildə Qarabağ problemini həll etməlidirlər”, - Peskov deyib.
O, əlavə edib ki, Azərbaycan da, Ermənistan da Rusiya üçün mühümdürlər, belə ki bu tərəflər arasında uzun müddətdir ki, geniş spektrli münasibətlər mövcuddur. Qarabağ məsələsi isə regionun ümumilikdə inkişafına mane olur, bu səbəbdən də RF onun həll olunmasını arzulayır.
“Rusiya üçün həm Azərbaycan, həm də Ermənistan vacib rol oynayır. Onlarla əməkdaşlıq prioritet məsələdir.
Ölkələrimiz arasında uzun müddətdir ki, sıx, mədəni və humanitar münasibətlər mövcuddur. Rusiya hər iki ölkə ilə müxtəlif yönlü əməkdaşlığa mühüm yer ayırır. Amma Qarabağ məsələsinin həll edilməməsi bütün regionun inkişafına neqativ təsir edir. Rusiya Qarabağ məsələsinin həll olunmasını və Azərbaycan ilə Ermənistan arasında sülhün bərqərar olmasını arzulayır. Çünki Rusiya Qafqaza sülh arzu edir”, - Rusiya prezidentinin mətbuat katibi sözünü yekunlaşdırıb.