Haaqa şəhərində 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Niderland-Azərbaycan Türk Mədəniyyət Dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan və türk diaspor təşkilatlarının rəhbərləri və fəalları iştirak ediblər. Qonaqlar arasında Niderland Yozqatlılar Federasiyasının rəhbəri Tahsiz Öz, Ərzurumlular Dərnəyinin rəhbərinin müavini Metin Aykut, Türk Evinin rəhbəri Ramazan Ödek, “Yozqat 66” Dərnəyinin rəhbəri Soydaş Erdinç, Niderland-Azərbaycan “Odlar Yurdu” Cəmiyyətinin sədr müavini Nemətağa Əliyev və başqaları olublar.
Dərnəyin gənclər qanadının fəalı Tuğrahan Aşkın tədbiri açıq elan etdikdən sonra 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Ondört Masumlar Məscidinin imamı Şeyx Mehmet Olqun şəhidlərin əziz ruhlarına dualar oxuyub.
Tədbir iştirakçılarını salamlayan Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkın 20 Yanvar faciəsinə gətirib çıxaran siyasi proseslərdən, 34 il öncə sovet rəhbərliyi və ordusu tərəfindən törədilmiş qanlı hadisənin Azərbaycanın müstəqilliyi yolunda dönüş nöqtəsinə çevrilməsindən danışıb.
Sonra tədbirdə Azərbaycanın Niderland Krallığındakı səfirliyinin I katibi Səbinə Sadıqlı və Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin Azərbaycan üzrə rəhbəri Şamil Mustafayev çıxış edərək, silahsız, dinc xalqımızın qorxmaz, mərdanə davranışına görə 20 Yanvar hadisələrinin Azərbaycan tarixinə təkcə faciə kimi deyil, həm də qəhrəmanlıq səhifəsi kimi həkk olunduğunu, gənclərimiz tərəfindən bu qanlı hadisənin unudulmamasının və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıblar. Dünya birliyinin 20 Yanvar kimi dəhşətli hərbi cinayətə cinayətkarcasına susduğu, faciənin törədilməsindən bir neçə ay sonra mülki vətəndaşların qətlinə əmr verən Mixail Qorbaçova Nobel Sülh Mükafatı verildiyi diqqətə çatdırılıb.
Tədbir 20 Yanvar faciəsinin tarixindən bəhs edən videonun nümayişi ilə davam etdirilib.






09:53
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunda 20 Yanvar faciəsinin növbəti ildönümü ilə bağlı “1990-cı ilin Qara Yanvarı: Azərbaycanın azadlığa gedən yolu” adlı anım mərasimi keçirilib. Mərasimdə Los-Ancelesdə fəaliyyət göstərən xarici ölkələrin baş konsulları, Los-Ancelesdəki konsulluq korpusunun nümayəndələri, elm və mədəniyyət xadimləri, dost icmaların rəhbərləri və icma üzvləri, yerli universitetlərin professorları, Azərbaycan icmasının üzvləri və digərləri iştirak ediblər.
Baş Konsulluqdan “Report”a bildirilib ki, mərasim iştirakçıları faciə qurbanlarını bir dəqiqəlik sükutla anıblar.
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Ramil Qurbanov çıxış edərək, qanlı 20 Yanvar hadisələri barədə məlumat verib, həmin hadisələr zamanı sovet qoşunları tərəfindən çox sayda günahsız insanın amansızcasına qətlə yetirildiyini qeyd edib. Çıxışın ardınca faciə ilə bağlı Baş Konsulluq tərəfindən hazırlanmış qısa film nümayiş olunub.
Daha sonra Bakıda doğulan məşhur violonçel ifaçısı Ruslan Biryukov çıxış edərək, Qara Yanvar faciəsi, həmin dövrdə Bakıda yaşayan ailəsi ilə birgə şahid olduğu hadisələr və baş verənlər barədə acı xatirələrini bölüşüb.
Tədbirin davamında Ruslan Biryukov və pianoçu Valeriya Morqovskayanın ifasında Fikrət Əmirovun “Poema-monoloq”, Qabriel Furenin “Yuxudan sonra” və Arif Məlikovun “Məhəbbət əfsanəsi” əsərləri səsləndirilib.
Sonda tədbir iştirakçıları faciəni əks etdirən fotosərgi ilə tanış olublar. Tədbirdən sonra qonaqlar üçün ehsan süfrəsi açılıb.

09:33
Qanlı Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar yanvarın 19-da Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyində Strasburqda yaşayan Azərbaycan icmasının üzvlərinin iştirakı ilə anım tədbiri keçirilib.
Bu barədə “Report”a Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyindən bildirilib.
Qeyd olunub ki, tədbir iştirakçıları öncə xalqımızın azadlığı uğrunda şəhid olan həmvətənlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Mərasimdə çıxış edən daimi nümayəndə Fəxrəddin İsmayılov ölkəmizin müstəqillik mübarizəsində 1990-cı il 19-20 yanvar hadisələrinin tutduğu yerdən söz açıb və Qanlı Yanvarın xalqımızın qəhrəmanlığı və yenilməz iradəsinin rəmzinə çevrildiyini söyləyib. O, üstündən uzun illər keçməsinə baxmayaraq, sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğının ağrı-acısının unudulmadığını və şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşadığını ifadə edib. Daimi nümayəndə həmin günlərdə Azərbaycanın üzləşdiyi informasiya təcridindən qurtarılmasında ulu öndər Heydər Əliyevin faciənin ertəsi günü Moskvada verdiyi tarixi bəyanatın mühüm təsirini vurğulayıb və onun Sovet İttifaqı rəhbərliyini qınayan cəsarətli bəyanatının xalqımızın gələcəyə olan inamını gücləndirdiyini bildirib. Nəhayət, F.İsmayılov ölkəmizə ərazi iddialarının irəli sürülməsi və Ermənistandan azərbaycanlıların güclə qovulması ilə başlayan, 20 yanvar faciəsi və sonra hərbi işğalla davam edən məşəqqətli tarixi dövrün müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunması ilə sona yetdiyini və millətimizin qarşısında artıq yeni bir dövrün açıldığını qeyd edib.
Daha sonra tədbirdə çıxış edən Azərbaycan icmasının üzvü Mustafa Alınca 1990-cı il yanvar hadisələrinin ardınca Strasburqdan Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması məqsədilə aparılan fəaliyyətlərdən bəhs edib və məhz Qanlı Yanvar faciəsinin Azərbaycan icmasının üzvlərinin təşkilatlanmasını bir zərurət halına çevirdiyini qeyd edib.
Çıxışların ardınca iştirakçılara Azərbaycan televiziyasının istehsalı olan və Qanlı Yanvardan bəhs edən sənədli film nümayiş etdirilib.


