Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Qərb Gürcüstanda təxribata hazırlaşır
"Oktyabrın 26-da Gürcüstanda parlament seçkisi olacaq. Qərb siyasi dairələri Gürcüstandakı parlament seçkisini orada çevriliş etmək imkanı kimi nəzərdən keçirir".
Bunu Oxu.az-a açıqlamasında siyasi elmlər doktoru, politoloq Elşad Mirbəşiroğlu deyib.
Onun sözlərinə görə, Gürcüstanda təxminən 25 min Qərb maliyyəsi ilə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları var və bu təşkilatların təmsilçiləri, əslində, Qərbin sosial bazasıdır və onlardan mütəmadi olaraq Gürcüstanda daxili siyasi vəziyyətə neqativ təsir etmək üçün istifadə edilir:
"Gürcüstan bir müddət əvvəl "xarici təsir haqqında" qanun layihəsini qəbul etdi. Biz gördük ki, qanun layihəsinin parlamentdə qəbulu prosesi olduqca gərgin bir atmosferdə keçirdi. Davamlı olaraq küçələrdə etiraz aksiyaları təşkil edilirdi və bu etiraz aksiyalarını da məhz qeyd etdiyim qeyri-hökumət təşkilatları vasitəsi ilə Qərb təşkil edirdi. Gürcüstan öz təhlükəsizlik və daxili siyasi sabitlik maraqlarına uyğun olaraq sözügedən qanun layihəsini qəbul etdi və bu, Gürcüstan üçün çox vacib idi. Çünki praktiki olaraq Gürcüstan kənar dairələr tərəfindən maliyyə vasitəsilə idarə olunurdu. Buna görə də qanun layihəsinin qəbul olunması Qərb tərəfindən sərt reaksiya ilə qarşılandı. Bundan sonra Amerika Birləşmiş Ştatları və Avropa İttifaqının aparıcı dövlətləri başda olmaqla Qərb Gürcüstana qarşı sistemli siyasi hücumlar təşkil etməyə başladı. Hətta bir neçə dəfə Avropa İttifaqının xarici siyasət məsələləri üzrə rəhbəri Jozep Borrel Gürcüstanın Avropa İttifaqının üzvlüyünə namizədliyinin dayandırılacağı fikrini səsləndirdi. Eləcə də Gürcüstana münasibətdə müxtəlif sanksiyaların tətbiq olunacağını da səsləndirdilər. Bütün bunlar onu göstərir ki, Qərb, əslində, ayrı-ayrı ölkələrlə, xalqlarla marginal maraqlar prizmasında əməkdaşlıq edir, əlaqələr qurur".
"Qərbə ilk növbədə idarə olunan siyasi sistem lazımdır. Müstəqil davranan, öz milli maraqları çərçivəsində addım atan siyasi sistemlər Qərb dairələri tərəfindən həzm olunmur və onların devrilməsi istiqamətində çox ciddi cəhdlər edilir. Oktyabr ayının 26-da Gürcüstanda parlament seçkisi keçiriləcək və bu parlament seçkisinə Gürcüstanla yanaşı, Qərbin özü də hazırlaşır. O mənada hazırlaşır ki, Gürcüstanda dövlət çevrilişi edəcəyinə ümidlər bəsləyir. Hətta belə bir istəyinin olduğunu da gizlətmir. Ona görə də Ermənistan artıq Qərbin nəzarəti altında olduğu üçün, Qərb Gürcüstanı da tamamilə öz nəzarəti altına salmağa çalışır", - ekspert vurğulayıb.
Müsahibimizin sözlərinə görə, Qərbin vaxtilə Gürcüstanda təsir imkanlarının çox olması, bütövlükdə bu ölkəni demək olar ki, regional əməkdaşlıq sistemindən əhəmiyyətli dərəcədə təcrid etmişdi:
"Məsələn, Gürcüstanla ən yaxından iqtisadi əməkdaşlıq etmək imkanına sahib olan Rusiya ilə Gürcüstan arasında praktiki olaraq nə siyasi, nə də iqtisadi münasibətlər qalmışdı və bundan da Gürcüstanın iqtisadiyyatı, müvafiq olaraq əhalinin sosial-iqtisadi vəziyyəti çox ciddi zərər görürdü. Amma artıq Gürcüstanla Rusiya arasında iqtisadi münasibətlər bərpa olunmağa başlayıb və Gürcüstan iqtisadiyyatında müsbət inkişaf əlamətləri görülməkdədir. Onu da qeyd etmək lazımdır ki, Gürcüstan eyni zamanda, region ölkələri ilə özü müstəqil münasibətlər qurmaq istəyindədir. Amma Qərb Gürcüstanın resurslarını elə Ermənistanın resursları kimi, daha doğrusu ərazisini və yaxud da ki, ictimai rəyi, əhalinin baxışlarını özünün geosiyasi mübarizəsi istiqamətində səfərbər etmək istəyir. Ona görə də Gürcüstanda payızda seçkinin gərgin keçəcəyi haqqında etimallar irəli sürmək olar. Amma biz eyni zamanda, müşahidə etdik ki, Gürcüstan cəmiyyəti proseslərə ayıq baxmağı bacarır. Yəni Gürcüstanda artıq siyasi mədəniyyət mühiti formalaşıb. Ona görə də hesab edirəm ki, gürcü xalqı öz mənafeyini, öz maraqlarını inamla qoruyacaq", - E.Mirbəşiroğlu fikrini yekunlaşdırıb.
Mərahim Nəsib
"Jozep Borrel" teqi üzrə xəbərlər
- Josep Borrel: "Avropa çoxdan dünyanın mərkəzi deyil"
- Britaniya Netanyahu və Qalantı həbs edə bilər
- Borrel Qərbin Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirməyə gizli icazəsindən danışdı
- Hulusi Kılıç: "Jozep Borrel Azərbaycana qarşı təbliğata görə cavab verməlidir"
- Boykot uğursuz oldu, Qreta autda: COP29 - Azərbaycanın siyasi qələbəsidir