Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Göyçə mahalının itən Azərbaycan kəndləri" adlı süjet hazırlanıb.
Bugünkü süjetdə ermənilərin "addəyişmə terroruna" məruz qalan Ağcakənd, Adakut, Adamxan, Adatəpə toponimləri, Ada, Adatəpə oronimi və Adamdərəsi hidronimi haqqında söz açılıb.
Bildirilib ki, Qərbi Azərbaycan ərazisində tarixən mövcud olan, lakin zaman-zaman yadlaşdırılan yaşayış məskənləri və toponimlərin taleyi aktual olaraq qalır.
Ağcakənd - Dərələyəz mahalının Paşalı, sonralar Əzizbəyov və Vayk adlandırılan rayonda kənd olub. Kənddə 1873-cü ildən yalnız azərbaycanlılar yaşayıb. 1918-ci ildə erməni təcavüzünə məruz qalan kənd sakinləri deportasiya olunublar. 1920-ci ildə kənd ləğv edilib və indi xaraba qalıb.
Ada - Göyçə mahalının Çəmbərək, sonralar Krasnoselo adlandırılan rayonda qala adıdır və eyni zamanda, arxipelaqdır.
Adakut - Zəngəzur mahalının Meğri rayonunda kənd adıdır və indi xarabalığa çevrilib.
Adamxan - Göyçə mahalının Qaranlıq, sonralar Martuni adlandırılan rayonda kənd olub. 1828-ci ilə qədər burada azərbaycanlılar yaşayıb. Həmin ildən sonra Türkiyədən köçürülən ermənilərin burada yerləşdirilməsi ilə bağlı azərbaycanlılar deportasiya olunublar. 1968-ci il iyulun 3-də kəndin adı dəyişdirilib Vardadzor qoyulub.
Adamdərəsi - Göyçə mahalının Qaranlıq, sonralar Martuni adlandırılan rayonda çay adıdır. Bu hidronim rayondakı Adamxan kəndinin ərazisindən axaraq Göyçə gölünə tökülür.
Adatəpə - Göyçə mahalının Çəmbərək, sonralar Krasnoselo adlandırılan rayonda kənd olub və XIX əsrin əvvəllərində ləğv edilib.
Adatəpə - Şəmşəddil mahalının Karvansaray, sonralar İcevan adlandırılan rayona birləşdirilən Dilican ərazisində qışlaq olub və 1930-cu illərdə ləğv edilib.
Adatəpə - Göyçə mahalının Çəmbərək, sonralar Krasnoselo adlandırılan rayonda dağ adıdır.
Sonda vurğulanıb ki, bu coğrafi yer adları da mənəvi mədəniyyətimizin ən qiymətli abidələridir: "Bunlar nəsildən-nəslə ötürülərək əsrlər və minilliklər boyu xalqın öz keçmişini, yaddaşını qoruyur və bu torpaqların əsl sahiblərinin kim olduğunu sübut edir".
Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlə də ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı süjetdə:
Qərbi Azərbaycan Xronikası: Ağcakənd, Ada, Adakut, Adamxan, Adamdərəsi, Adatəpə - Türk tarixinin izi