Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Qərbi Azərbaycan Xronikası: Ağcaqala, Ağcaqışlaq, Ağcaquş - türk tarixinin izi
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Ağcaqışlaq - əvvəllər "Getaşen", sonra "Getazat" adlandırılan məkan" adlı süjet hazırlanıb.
Bugünkü süjetdə ermənilərin "addəyişmə terroruna" məruz qalan Ağcaqala, Ağcaqışlaq, Ağcaquş toponimləri haqqında söz açılıb.
Bildirilir ki, insanlar Qərbi Azərbaycan ərazisində çox qədim zamanlardan məskunlaşaraq burada yaşayış məntəqələri, mədəni abidələr yaradıblar və bu məkanlar qədimliyi ilə yanaşı, həm də Azərbaycan dili və mədəniyyətinin daşıyıcları hesab olunur.
Ağcaqala - Karpibasar mahalının Üçkilsə, sonralar Eçmiədzin adlandırılan rayonunda kənd adıdır. Kənddə 1828-ci ilə qədər yalnız azərbaycanlılar yaşayıb. Buraya ermənilər 1828-1830-cu illərdə Türkiyədən köçürülüblər. 1918-ci ildə kənddə yaşayan azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq tarixi-etnik torpaqlarından deportasiya olunublar. 1978-ci il yanvarın 25-də kəndin adı dəyişdirilib Tsaxqalanc qoyulub.
Ağcaqışlaq - Gərnibasar mahalının Qəmərli, sonralar Artaşat adlandırılan rayonunda kənd adıdır. Burada 1831-ci ildən yaşayan azərbaycanlılar 1918-ci ildə ermənilərin soyqırımına məruz qalaraq didərgin salınıb və kəndə xaricdən köçürülən ermənilər yerləşdirilib. 1920-ci ildə Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma evlərinə dönüblər. 1948-1949-cu illərdə onlar yenidən Azərbaycana köçürülüblər. İndi burada ermənilər yaşayır. 1948-ci il iyunun 21-də kəndin adı dəyişdirilib Getaşen, 1967-ci il mayın 25-də yenidən dəyişdirilib Getazat qoyulub.
Ağcaquş - Göyçə mahalında eyniadlı gölün şərqində xaraba kənd adı olub.
Ağcaqala - Göyçə mahalının Çəmbərək, sonralar Krasnoselo adlandırılan rayonunda qala adıdır və divarları indi də durur.
Sonda vurğulanıb ki, erməni fitnəkarlığının qurbanı olan bu ərazilərdən də azərbaycanlılar zaman-zaman uzaqlaşdırılıb və adları erməniləşdirilib: "Təbii ki, bu uzaqlaşdırılma və erməniləşdirmə əbədi ola bilməz və Qərbi azərbaycanlılar doğma evlərinə qayıtmaq arzusu ilə yaşayırlar. Əminik ki, onlar qayıdacaq və dağıdılan, xaraba qoyulan məskənləri yenidən abad edəcəklər".
Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlə də ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı süjetdə:
"Qərbi Azərbaycan Xronikası" teqi üzrə xəbərlər
- Xronika: "Ermənilər yəhudi məzarlarını qazıb, burada tapılan əşyaları yoxa çıxarıblar"
- Qərbi Azərbaycan Xronikası: Ağcakənd, Ada, Adakut, Adamxan, Adamdərəsi, Adatəpə - Türk tarixinin izi
- Qərbi Azərbaycan Xronikası: "Qərbi Azərbaycan həqiqətlərini daha çox gəncə çatdırmalıyıq"
- Qərbi Azərbaycan Xronikası: "Böyük skif mədəniyyətinin ilkin izləri Azərbaycandadır"
- Qərbi Azərbaycan Xronikası: "Ermənilər əvvəllər özlərini "yaxşı dost" kimi göstərirdilər"