Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Qərbi Azərbaycan Xronikası: "Kərbəlayı da Abbasqulu bəylə birlikdə ermənilərə qarşı vuruşub"
Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Jurnalist Rufik İsmayılovun müsahibi Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurası sədrinin müavini, əməkdar elm xadimi Vaqif Şadlinski olub.
O, Azərbaycanın tarixində dəyərli izlər qoymuş, mədəni-maarif və təhsil sahəsində böyük xidmətlər göstərmiş əsilzadə Şadlinskilər nəslindən söhbət açıb. Bildirib ki, bu nəsil Qərbi Azərbaycanın Vedi bölgəsinin tanınmış soylarındandır. Müsahibin sözlərinə görə, mükəmməl bir şəcərəsi olan bu nəsil Azərbaycana görkəmli ziyalılar, qəhrəmanlar bəxş edib. Onlardan Aslan Sultan Şadlinski, Nəsrulla bəy Şadlinski, Abbasqulu bəy Şadlinski, Bilas Şadlinski, Vaqif Şadlinski və digərlərinin fəaliyyəti gələcək nəsillərə örnək ola biləcək səhifələrlə zəngindir. Əməkdar elm xadimi, Şadlılar tayfasının zaman-zaman İran, Türkiyə, Rusiya və İraqa köç etdiyini, indiki Azərbaycanın müxtəlif rayonlarında məskən saldığını, həmin yaşayış məntəqəsinin adını da məhz Şadlı adlandırdığını konkret faktlarla dilə gətirib.
Ata-baba yurdu barədə məlumat verən V. Şadlinski deyib ki, Vedi çuxurunda cəmi iki qarışıq kənd istisna olmaqla, bütün kəndlərdə tarixən azərbaycanlılar yaşayıblar. Onun sözlərinə görə, ötən əsrin əvvəlində ermənilər dəfələrlə Qərbi Azərbaycandakı soydaşlarımıza silahlı hücumlar edib, azərbaycanlıları tarixi torpaqlarından didərgin salıblar. Həmin dövrdə Şadlinskilər nəslinin yetirməsi, əsl xalq qəhrəmanı Abbasqulu bəy Şadlinski və onun ətrafına toplaşan mərd oğullar Vedi camaatını ölümdən xilas ediblər. Əlli mindən çox azərbaycanlı məhz Abbasqulu bəyin rəhbərliyi ilə İran ərazisinə keçirilib, mühafizə olunub. Müsahib vurğulayıb ki, əgər o illərdə Abbasqulu bəyin rəhbərlik etdiyi müqavimət dəstəsi olmasaydı, ermənilər Göyçə, Naxçıvan və Qarabağda daha böyük qırğınlar törədəcəkdilər.
Yazıçı-nasir Fərman Kərimzadənin "Qarlı aşırım" romanında və onun əsasında çəkilən "Axırıncı aşırım" filmində Abbasqulu bəy Şadlinski obrazının yaradılmasına toxunan V. Şadlinski deyib ki, filmdəki hadisələrin bəzisi həqiqətdir, bəzisi yox. O bildirib ki, Kərbəlayı da Abbasqulu bəylə birlikdə ermənilərə qarşı vuruşub.
V. Şadlinski 1948-1953-cü illərdə ailəsi ilə birlikdə Qərbi Azərbaycanın Vedi rayonundan deportasiya olunduğunu, 11 gün taxta vaqonda yol gəldiyini, indiki Şəmkir rayonu ərazisində məskunlaşdığını diqqətə çatdırıb, o illərdə soydaşlarımızın çəkdiyi əzab-əziyyətləri dilə gətirib. Qeyd edib ki, hələ deportasiyadan öncə xarici ölkələrdən Qərbi Azərbaycana gətirilən ermənilər azərbaycanlıların evlərində yerləşdiriliblər. Deportasiyadan sonra isə həmin evlərə sahib çıxıblar.
Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının fəaliyyətindən danışan V. Şadlinski tez-tez soydaşlarımızla, o cümlədən gənclərlə görüşdüklərini vurğulayıb. Bildirib ki, tarixi yaddaşın qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi üçün belə görüşlərin mühüm əhəmiyyəti var. Əməkdar elm xadimi sonda qeyd edib ki, Qərbi Azərbaycana qayıtmaq, orada yaşamaq hər bir soydaşımızın haqqı və hüququdur.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində:
"Qərbi Azərbaycan Xronikası" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan Xronikası: Oğlanların "ciyər axşamı" mərasiminin əsas qaydaları
- Qərbi Azərbaycan Xronikası: "Ermənilərin ən böyük cinayəti 1905-ci ildə "Cəngi soyqırımı" olub"
- Xronika: "Əsəd Suriyadan Azərbaycan ərazilərinə ermənilərin köçürülməsini təşkil edirdi"
- Qərbi Azərbaycan Xronikası: "Azərbaycan 150 il Xəzər xaqanlığının tərkibində olub"
- Qərbi Azərbaycan Xronikası: Ayısəsi, Aytaq, Al, Alabkir, Alağac, Alavar - Türk tarixinin izi