Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Qərbi Azərbaycan Xronikası: “Məcburi köçürülən hər bir ailənin həyat hekayəsində faciə var” - VİDEO
Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Jurnalist Rufik İsmayılovun bu dəfə müsahibi Dərələyəz İcması İdarə Heyətinin üzvü, hüquqşünas Səməd Vəkilov olub.
O, Qərbi Azərbaycanın Dərələyəz mahalının Çivə kəndindən, ata-baba yurdundan söhbət açıb. Bildirib ki, valideynləri, qohumları əsrarəngiz təbii gözəlliyə, səfalı havaya, mülayim iqlimə malik Dərələyəzdən 1951-ci ildə deportasiya olunaraq Bərdə rayonunun İmirli kəndində məskunlaşıblar.
S.Vəkilov qeyd edib ki, o dövrdə mülkiyyət hüququ pozulan, zorla evini, el-obasını tərk etməyə məcbur olan soydaşlarımız vaqonlarda ev heyvanları ilə birgə daşınıb aran zonasına gətiriliblər. Burada iki ilə yaxın müddətdə torpaq evlərdə - qazmalarda yaşamağa məhkum olublar. Onun sözlərinə görə, köçürülənlərin böyük bir qismi iqlim dəyişməsi səbəbindən, xəstəliklərdən həyatını itirib. Hüquqşünas söyləyib ki, məcburi qaydada köçürülən ailələrin hər birinin həyat hekayəsində böyük faciə var.
Ötən əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlardan danışan S.Vəkilov tarixi torpaqlarımızın, soydaşlarımızın müdafiəsində xüsusi fəallıq göstərən Çivə taboruna diqqət çəkib. Bildirib ki, xalq qəhrəmanı Balo bəy Vəkilovun rəhbərlik etdiyi bu tabor erməni yaraqlılarına qarşı çox ciddi müqavimət göstərib, minlərlə soydaşımızın həyatını xilas edib. O, babası Əhməd bəy Vəkilovun da bu taborda daşnaklara qarşı vuruşduğunu söyləyib. Bildirib ki, ermənilər el qəhrəmanı Balo bəyin başına pul mükafatı qoyublarmış. Lakin erməni quldurları heç cür onu qətlə yetirə bilməyiblər. Əvəzində isə sovet hakimiyyəti illərində Balo bəy Vəkilovu şərləyərək həbs etdirib, hətta ona ölüm hökmü verdiriblər. Yalnız görkəmli dövlət xadimi, Balo bəy Vəkilovun əmisi oğlu İlyas Vəkilovun köməkliyi ilə xalq qəhrəmanını ölümdən və həbsdən xilas etmək mümkün olub.
Ötən əsrdə azərbaycanlılara qarşı həyata keçirilən sonuncu deportasiyadan söhbət açan S.Vəkilov deyib ki, bu məcburi köçürülmə prosesi də bir çox ağrı-acılarla yadda qalıb. Onun sözlərinə görə, 1987-1988-ci illərdəki proseslərdə ermənilər 200-dən çox soydaşımızı müxtəlif işgəncələrə məruz qoyaraq qətlə yetiriblər. Hüquqşünas deyib ki, 1948-1953-cü illərdə zorla Qərbi Azərbaycandan Bərdə rayonunun İmirli kəndinə köçürülən azərbaycanlıların həyat hekayəsi kitab şəklində dərc olunub. Bildirilib ki, “Qərbi Azərbaycandan deportasiya. İmirlidə məskunlaşma” adlı bu kitabda xalqımızın başına gətirilən müsibətlər, məcburi köçürülmə hüquq kontekstində araşdırılıb. S.Vəkilov sonda vurğulayıb ki, Qərbi Azərbaycan türklərinin tarixi torpaqlarına qayıtmaq hüququ təmin edilməlidir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində:
"Bərdə" teqi üzrə xəbərlər
- Dastana dönən qəhrəman Xudayar Yusifzadənin qardaşının toyundan görüntülər
- Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
- Narkotikə görə tutulan şəxsin yeddi evdən oğurluq etdiyi məlum olub
- Ermənistanın Bərdəyə raket hücumu - "Maşının içinə baxanda gördüm ki, atam yanıb həlak olub"
- 15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub