Bəzi Qərb dövlətlərinin, o cümlədən ABŞ-nin Azərbaycanla bağlı növbəti riyakarlığının üstü açılıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bu gün, noyabrın 28-də bu barədə kifayət qədər tutarlı və bəlkə də, sensasiya hesab oluna biləcək məlumat yayıb.
Məlumatda qeyd olunub ki, ABŞ, Almaniya və Fransanın Azərbaycandakı səfirlikləri “Abzas Media”nın qanunsuz maliyyələşdirilməsində iştirak edib. Bununla əlaqədar olaraq ABŞ-nin və Almaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkilləri, habelə Fransanın fövqəladə və səlahiyyətli səfiri ayrı-ayrılıqda XİN-ə çağırılıblar. Görüşlərdə bu ölkələrdə qeydiyyatda olan təşkilatların iştirakı ilə “Abzas Media” xəbər portalının qeyri-qanuni maliyyə əməliyyatları həyata keçirildiyi, eləcə də sözügedən ölkələrin səfirliklərinin də bu fəaliyyətə cəlb olunduğu diqqətə çatdırılıb, həmçinin bu fəaliyyətə ciddi etiraz bildirilib.
ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin, “FreedomNow”, “New Democracy Found” və digər təşkilatların qrant verilməsi qaydalarını pozaraq maliyyə resurslarının Azərbaycan ərazisinə qanunsuz yolla transferini həyata keçirdikləri, “Abzas Media”nın fəaliyyətinə qanundankənar töhfələr verdikləri qeyd olunub.
Nəzərə almaq lazımdır ki, bu, rəsmi məlumatdır. Yəni heç bir şayiədən, qeyri-dəqiq məlumatdan və ya iddiadan söhbət gedə bilməz. Almaniya səfirliyinin məsələ barədə sosial şəbəkə hesabında qeyd etdikləri də belə qənaətə gəlməyə əsas verir. Belə ki, səfirlik Məhəmməd Kekalova 1 500 avro vəsaitin ayrıldığını təsdiq edib. Başqa sözlə desək, əməlini etiraf edib. Qeyd edək ki, səfirliklərin bu fəaliyyəti Azərbaycanın qanunvericiliyinə ziddir. Qrant fəaliyyəti və qrant müqavilələri haqqında Azərbaycan Respublikasının qanunvericiliyə əsasən, qrant müqavilələrinin müvafiq prosedura uyğun olaraq dövlət qeydiyyatına alınması tələb olunur. Qeydiyyatı həyata keçirilməyən layihələrə maliyyə ayrılması ölkə qanunvericiliyinin ciddi pozuntusu hesab olunur.
Beləliklə, Qərbin və onların Azərbaycanla bağlı planları bir daha ifşa olundu. Həm XİN-in, həm də səfirliyin açıqlaması göstərir ki, ABŞ, Almaniya və Fransa qrant layihələrinin qanunsuz maliyyələşdirilməsində iştirak edib. Əlbəttə, bu, heç də xoş niyyətlə atılmış addım deyil. Məqsəd aydındır: ictimai rəydə çaşqınlıq yaratmaq.
Səfirliyin açıqlaması göstərir ki, onlar özləri də əməllərinin üzə çıxmasından narahat olublar. Çünki bilirlər ki, hüquq-mühafizə orqanlarının araşdırması daha ciddi məqamlar üzə çıxaracaq. Ən mühüm məqam isə odur ki, bu, Vyana konvensiyasının, həmçinin Azərbaycan qanunvericiliyinin pozulmasıdır.
Başqa vaxt beynəlxalq hüququ əlində bayraq tutan dövlətlər indi bu prinsipləri görməzdən gələrək manipulyasiyaya cəhd edirlər. Sözsüz ki, bu, yolverilməzdir. Düşünmək olar ki, araşdırma davam edəcək və “yumaq” açılacaq. Bununla Qərbin rəsmi Bakı ilə növbəti oyununun qarşısı alınacaq.