“Fransa sözün dəyərini yaxşı bilir və ona görə də həmişə söz oyunu oynayaraq öz maraqlarından çıxış edir”.
“Report” xəbər verir ki, bunu Qvadelupanın Beynəlxalq Reparasiya Hərəkatının Birinci vitse-prezidenti Viktorina Sinne Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə həyata keçirilən “Dekolonizasiya: Qadınların Gücləndirilməsi və İnkişaf” mövzusunda tədbirdə deyib.
O qeyd edib ki, Fransa qardaşlıqdan, bərabərlikdən, azadlıqda danışır, amma bütün bunların kim üçün nəzərdə tutulduğunu bilmir.
“Çünki tarix də sübut edir ki, xalqlarımız həmişə ayrı-seçkiliyə məruz qalıblar. Fransa qardaşlıqdan danışaraq qardaş qırğını törədib, Afrika ölkələrini istismar edib. Biz təkcə quldarlığın yox, həm də deportasiyanın qurbanı olmuşuq. Ərazimizi, milli mənsubiyyətimizi, müstəqilliyimizi, insanlarımızı, inanclarımızı, ruhumuzu itirmişik. Bizim hər şeyimiz oğurlanmışdı”.
O bildirib ki, indi bu zənciri qırmağın yolları axtarılır.
“Fransanın ölkələrimizdə törətdiyi cinayətlərin tanınacağına ümid edirik. Hər zaman deyirik ki, buna cavab verməlidirlər, biz daha ayrı-seçkilik istəmirik. Elə bir cəmiyyət istəyirik ki, mənsubiyyətimizi qoruya bilək. İstəyirik ki, bütün Afrika ölkələri deportasiyaya qarşı mübarizəni gücləndirə bilsinlər”, - deyə o, sözlərinə əlavə edib.