"Soydaşlarımızın Qərbi Azərbaycana qayıdış fonunda təzminat məsələsi də diqqətdən yayınmamalıdır".
Oxu.Az xəbər verir ki, bu fikirləri Bakı Apellyasiya Məhkəməsinin hakimi Ramin Qaraqurbanlı Qərbi Azərbaycan İcmasının (QAİ) təşkilatçılığı ilə keçirilən "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "Beynəlxalq sülh və əməkdaşlıq şəraitində qayıdış hüququ" adlı beynəlxalq elmi konfransında "Qayıdış hüququ: regional təhlükəsizlik və beynəlxalq hüquqi məsələlər" mövzusunda çıxışı zamanı deyib.
O xatırladıb ki, müxtəlif illərdə ermənilər tərəfindən azərbaycanlılara qarşı soyqırımı və etnik təmizləmə törədilib:
"Ölkəmizə məxsus mədəni və qeyri-mədəni irsimiz dağıdılıb, toponimlərimiz dəyişdirilib. Ermənistan ərazisindən çıxarılmış vətəndaşlarımızın geriqayıdışı ciddi müzakirə olunur. Sözügedən vətəndaşlarımızın qayıdışı qarşılıqlı etimadın qurulması yolunda mühüm addım olacaq. Beynəlxalq hüquqda bu təməl insan hüquqlarından biri kimi tanınır. Soydaşlarımızın geriqayıdışı fonunda təzminat məsələsi də diqqətdən yayınmamalıdır".
R.Qaraqurbanlı əlavə edib ki, Qərbi azərbaycanlılarla Ermənistan hökuməti arasında dialoq bütün beynəlxalq hüquqlara uyğundur.
Aqil Vəlili