51 saylı Qusar seçki dairəsindən deputatlığa namizəd Rəşad Süleymanov seçiciləri ilə görüşlərini davam etdirir.
Oxu.Az xəbər verir ki, bununla bağlı R.Süleymanov “Facebook” hesabında məlumat verib:
“Qusar rayonu, Gədəzeyxur kənd sakinləri ilə bu gün baş tutan görüşümüzdə bu başlıqlar altında geniş müzakirələr apardıq. Gələcəyə dönük real addımlar atılacağını seçicilərimə bildirərək, istənilən mövzuda mənə müraciət edə biləcəklərini də diqqət mərkəzində saxladıq”.
Digər görüş Qusar rayonu, Hil kənd sakinləri ilə olub.
“Bu gün də Qusar rayonu, Hil kənd sakinləri ilə evlərinə su xətlərinin çəkilməsi və bu məsələnin qısa vaxt ərzində öz həllini tapması mövzusunda görüş keçirdik. Həmçinin, su kimi saf, şəffaf və aydın bir gələcəyin bizi gözlədiyini seçicilərimə bildirdim”, - R.Süleymanov bildirib.
R.Süleymanovun növbəti görüşü Qusarın Bedişqala kənd sakinləri ilə olub:
“Qusar rayonu, Bedişqala kəndinin sakinləri indi gələcəyə daha ümidlə baxırlar. Çünki baş tutan görüşümüzdə onların bütün suallarını səmimi mühit çərçivəsində cavablandırdıq. Daha yaxşı bir gələcək üçün, səsinizi eşidə biləcək birinə səs verin”.
R.Süleymanov həmçinin, Gündüzqala kəndində də görüş keçirib:
“Gündüzqala kəndinin mehriban və gülərüz sakinləri ilə baş tutan görüşümüzdə onları maraqlandıran ən önəmli məsələlərə toxunaraq, kənddəki rifah səviyyəsinin yaxşılaşdırılması və gələcəyə dönük həqiqi addımlar atılması mövzularında danışdıq. Gündüzqala kəndi başda olmaqla bütün Qusar rayonunu gözəl günlər gözləyir.”.