Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycanın Avropa Birliyi və Avrasiya İqtisadi İttifaqı arasında seçim arasında qalıb-qalmaması sualı cavablandırıb.
E.Məmmədyarov Oxu.Az-a və bir neçə KİV-ə müsahibəsində bildirib ki, Azərbaycan seçim baxımından “ya-ya da” prinsipi əsasında düşünmür.
“Bütün xarici siyasət qərarlarımız, ilk növbədə, ölkəmizin inkişafı maraqlarına söykənir. Kənardan bu və ya digər seçimi tətbiq etmək cəhdləri uğursuzluğa düçar olur. Bunu, son onilliyin təcrübəsi də daxil olmaqla, bütün müasir tarix nümayiş etdirir. Bu reallıqları bu cür cəhdləri edən xarici qüvvələr də artıq birmənalı şəkildə dərk edir”,- deyə E.Məmmədyarov əlavə edib.
Onun sözlərinə görə, Azərbaycan həm qonşu dövlətlərlə, həm də əsas qlobal tərəfdaşlarla qarşılıqlı faydalı bərabərhüquqlu əməkdaşlığın inkişafı kursunu davam etdirir:
“Azərbaycan artıq mühüm nəticələr əldə edib. Əminik ki, bu qarşılıqlı əlaqənin genişləndirilməsi və dərinləşdirilməsi xəttini düzgün qurmaqla daha da böyük uğurlara imza atacağıq.
Ancaq ümumilikdə, ATƏT Nazirlər Şurasının bu yaxınlarda Bratislavada keçirilən iclasında yenidən səsləndirilən - fərqli vektorlarda çox şaxəli əməkdaşlığın inkişafına mane olmayan ümumi təhlükəsizlik məkanının birliyi və bölünməzliyindən irəli gələn mövqedən çıxış edirik”.
Aqşin Kərimov