Rusiya Dövlət Dumasının deputatı, “Ədalətli Rusiya” fraksiyasının üzvü Oleq Paxolkov Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər edib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, işğal olunmuş ərazilərdə separatçı rejimin qondarma “parlamenti”nin sədri Aşot Qulyanla görüşən Paxolkov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin alternativi yoxdur.
Paxolkov Dağlıq Qarabağa şəxsi təşəbbüsü, dostlarının dəvəti əsasında səfər etdiyini deyib və bunun bölgəyə ikinci səfəri olduğunu xatırladıb.
Məsələyə münasibət bildirən Azərbaycan XİN-nin rəsmisi Elman Abdullayev səfərlə bağlı təəssüf ifadə edib:
“Təəssüf ki, qanunvericilik orqanlarının bəzi nümayəndələri Azərbaycanın işğal altında olan ərazilərinə rəsmi Bakı ilə razılaşdırmadan qanunsuz səfərlər edirlər. Bu cür səfərlər qanunsuzdur, münaqişənin nizamlanmasına neqativ təsir göstərir və erməni tərəfində müəyyən illüziyalar yaradır”.
Diplomat qeyd edib ki, bu kimi səfərlərin Azərbaycanın müvafiq orqanları ilə razılaşdırılmaqla həyata keçirilməsinə dair hallar da var, belə hallarda həmin şəxslər Azərbaycana səfər üçün viza alırlar.