“Belçika, Lüksemburq və Kanada xarici işlər nazirlərinin regionda vəziyyətlə bağlı Azərbaycana münasibətdə reallığa uyğun olmayan informasiyalara əsaslanan düşməncəsinə bəyanatları, birincisi, konkret siyasətçilərin, həm də ümumilikdə sözügedən dövlətlərin xarici siyasət idarələrinin Ermənistan-Azərbaycan münaqişəsi üzrə açıq-aşkar səriştəsizliyini göstərir. Belə ki, əgər hətta bu cür bəyanatlar üçün istisna edilməyən hər hansı korrupsiya ilə bağlı komponentlər, rəsmi İrəvanın və Avropa və Şimali Amerikadakı erməni icmalarının qeyri-publik fəaliyyətləri ilə bağlı motivasiya olsa da, açıq diletant mövqelərdən edilən analoji çıxışlar belə yüksəkranqlı diplomatlar üçün qəbuledilməz və bağışlanmazdır”.
Bu fikirləri AZƏRTAC-a bir sıra Qərb ölkələrinin xarici siyasət idarələrinin ötən həftə anti-Azərbaycan çıxışları dalğasını şərh edən rusiyalı politoloq, “PoliRus” ekspert-analitika şəbəkəsinin rəhbəri Vitali Arkov bildirib.
Ekspert əlavə edib:
“İkincisi, tamamilə aydındır ki, Azərbaycanı onun müstəqil xarici siyasətindən ötrü “cəzalandırmaq” səyləri davam edir. Belə ki, bu gün Azərbaycan Cənubi Qafqazda belə siyasət aparan və onu ardıcıl olaraq müdafiə edən yeganə dövlətdir. Bakının Rusiyaya qarşı sanksiyalara və ümumən “kollektiv Qərbin”” nümayəndələri tərəfindən Moskvaya qarşı hücumlara münasibəti bunun bariz nümunəsidir”.
Vitali Arkovun sözlərinə görə, Bakını, həmçinin, hakim Avropa elitalarının bir sıra məsələlərdə, eyni zamanda, Tehranla problemləri olmasına baxmayaraq, öz ərazisindən qonşu İrana hərbi zərbələr endirmək üçün istifadə olunmasından imtina edən Türkiyə ilə qardaş münasibətlərinə və dəstəyinə görə “bağışlamaq” istəmirlər.
Politoloq sonda deyib:
“Üçüncüsü, bəşəriyyətin sağlamdüşüncəli hissəsinin həyəcanla izlədiyi Qərbin islam dünyasına qarşı növbəti “səlib yürüşü” amili də var. Qeyd etmək lazımdır ki, həqiqi xristian konfessiyalarının iyerarxiyası “yeni səlibçilərə” xeyir-dua vermir. Əksinə, Papa Fransisk və Patriarx Kiril Qərbdəki şeytani ideyalarla köklənmiş destruktiv güclərin təhrik etdiyi və maliyyələşdirdiyi vicdan və ağıldan məhrum olmuş canlılar (onlara insan deməyə dilim gəlmir) tərəfindən müqəddəs Quranın yandırılmasını və islama qarşı digər hücumları pisləyirlər. Həmin güclər dünyanı ümumi xaos vəziyyətinə gətirmək istəyirlər. Bu səbəbdən Azərbaycan belə destruktiv gücləri çox qəzəbləndirir, çünki onun rəhbərliyinin müdrik siyasəti təkcə dini baxımdan tolerant vətəndaş cəmiyyətinin formalaşmasına deyil, həm də əsl çoxkonfessiyalı və çoxmillətli xalqın tərbiyə edilməsinə kömək edib”.