"Azərbaycanın Avropa Şurasından çıxmaq planları ölkənin suveren maraqlarına uyğun gələn düşünülmüş və doğru qərardır".
Oxu.Az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının Beynəlxalq İşlər Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov NEWS.ru informasiya resursu ilə söhbətində deyib.
Onun sözlərinə görə, bu təşkilat obyektivliyini çoxdan itirib və öz resurslarından dövlətlərin daxili işlərinə qarışmaq üçün istifadə edir.
"Fikrimcə, Azərbaycanın Avropa Şurasından çıxması düşünülmüş qərardır. Zənnimcə, ölkə hökuməti Rusiya kimi əmin oldu ki, bu təşkilat öz resurslarından onun rusofob siyasəti ilə ayaqlaşmayan dövlətləri nüfuzdan salmaq üçün istifadə edir. Avropa Şurası başqa ölkələrin daxili işlərinə müdaxilə edir. Bu, Avropadakı hər bir dövlətə öz inkişaf məntiqini, Rusiya və Azərbaycan üçün qəbulolunmaz olan dəyərlərini zorla qəbul etdirmək cəhdləridir. Bizim ölkələrimiz dinə, ənənələrə və tarixə söykənir. Avropa Şurası dövlətlərin daxili işlərinə qarışmaqdan başqa heç nə ilə yadda qalmayıb. Düşünürəm ki, bu, Azərbaycanın doğru qərarı, onun suveren hüququ olacaq. Əgər o, həqiqətən də belə bir qərar qəbul edərsə, bunu ancaq alqışlamaq olar", - deyə Cabarov bildirib.
Xatırladaq ki, daha əvvəl Azərbaycan Prezidenti İlham Əliyev ölkənin Avropa Şurasından çıxmaq imkanını ciddi şəkildə nəzərdən keçirdiyini bəyan etmişdi. Dövlət başçısı vurğulamışdı ki, Bakının təşkilatın işində tamhüquqlu iştiraka qayıtmasının şərti Azərbaycan nümayəndə heyətinin hüquqlarının bərpa olunmasıdır.