Milli Şuranın sədri və prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov “Yeni Müsavat”a müsahibə verib.
Oxu.Az xəbər verir ki, müsahibədə o, indiyədək açıqlamadığı bəzi mətləblərə də toxunub, kritik açıqlamalar verib.
Müxalifətin vahid namizədinin sözlərinə görə, Putinin Azərbaycana gözlənilən səfəri çətin ki, onun vətəndaşlıq probleminin həllinə müsbət təsir göstərsin:
“Mən inanmıram ki, iki dövlətin başçıları belə xırda söhbətlə məşğul olsunlar. Çünki bu, elə məsələdir ki, insan hüquqları ilə bağlıdır. Mənə elə gəlir ki, bu barədə danışmaq çox fantastik şeydir. Mənim Rusiyada nə mülküm, nə biznesim var, nə Rusiyada vergi verirəm, nə əsgərliyə getməliyəm. Bir sözlə, Rusiya qarşısında bircə öhdəliyim də yoxdur”.
O, həmçinin Bakıya qayıtmasını istəyən müxalifət partiyalarının üzvlərinə də ismarıc göndərib:
“Mənə deyirlər ki, gəl Bakıya. Mən də deyirəm ki, bəs, bu problemləri kim həll edəcək. Orada səhərdən axşama qədər istintaq gedir. Mənim işçilərimi bir-bir istintaqa çağırırlar. Hakimiyyətin imkanı var ki, mən Bakıya gələn kimi elə etsinlər heç olmasa mən Bakıdan kənara çıxa bilməyim. Mən bizim siyasi partiyaların liderlərindən soruşuram: seçki kampaniyasına böyük miqdarda pullar lazımdır, onların isə pulları yoxdur və onu təşkil eləyə bilmirlər. Deməli o vəsaiti kimsə təşkil eləməlidir. Vəsaitsiz necə seçki kampaniyası aparmaq olar? Təcrübə göstərir ki, seçki kampaniyası aparmaq üçün bir neçə milyon pul lazımdır. Mən gəlib Bakıda qalsam, Bakıdan çıxmağıma imkan verilməsə, o pulları kim təşkil edəcək? Camaatın pulu yoxdur. Siz bunu bilə-bilə niyə mənim gəlməməyim məsələsini qabardırsınız, niyə demirsiniz ki, əksinə, Rüstəm müəllim o anda gəlməlidir problemləri həll etsin? İşin mahiyyətini bilməyən adamlar elə deyirlər ki, Rüstəm müəllim Bakıya gəlsin. Amma bir çoxları ona görə belə deyirlər ki, hakimiyyətə işləyirlər”.
Müxalifətin vahid namizədi həmçinin siyasi partiyalar arasındakı münasibətlərə də toxunub:
“Partiyalar arasında 20 ildir münasibət çox mürəkkəbdir. İndi Milli Şura ikinci adamın namizədliyini irəli sürsə, yenə 20 ildir olan qalmaqal başlayacaq. Ona görə də məktub göndərmişəm və orada qeyd etmişəm ki, vahid namizəd var və qalmalıdır. Biz var gücümüzü ortaya qoyub vahid namizədi qeydiyyatdan keçirməliyik. Bunu əsas xalq eləməlidir və mən bunu gözləyirəm. Mən təklif edirəm ki, hər ehtimala qarşı təşəbbüs qrupları, partiyalar bir neçə nəfər də tanınmış, hörmətli şəxsin namizədliyini irəli sürsün. O adamlar sırasında Milli Şuraya yaxın şəxslər olmalıdır. Əgər məni qeydiyyata almasalar - hərçənd mən yüz faiz inanıram ki, məni qeydiyyata almağa məcbur olacaqlar - Milli Şura həmin namizədlər sırasından birini özünün namizədi elan etsin”.
Rejissorun sözlərinə görə, onun özünü də bir neçə alternativ namizədi var:
“Yeni Müsavat” qəzeti vasitəsilə bəyan edirəm ki, mənim də bir neçə namizədim var. Mən özümü heç namizədlər arasında görmürdüm. Amma sonra gördüm ki, mən vahid namizəd olmağa razılıq verməsəm, işlər korlanacaq. Ona görə razılaşdım və heç nə dəyişməyib. Axıra qədər mübarizə aparacağam. Yaranmış problemlərin çoxunu ancaq mən həll edə bilərəm. Həll eləmək üçün də mən azadlıqda olmalıyam. Həll eləmək üçün də bu dəqiqə Azərbaycanda olmalı deyiləm. Bu gün xaricdə qalmağım çox şeyləri həll edir. O cümlədən vəsait problemini”.