"Bu gün Qərbi Azərbaycan məsələsi tarix və kimlik məsələsidir".
Oxu.Az xəbər verir ki, bunu "Qərbi Azərbaycana qayıdış: Milli ideyanın yeni mərhələsi kimi" I Beynəlxalq Konfransında Türkiyə Böyük Millət Məclisinin üzvü, Azərbaycan-Türkiyə Dostluq Qrupunun sədri Şamil Ayrım deyib.
O qeyd edib ki, türk dünyası hər şeydən əvvəl Qərbi Azərbaycan məsələsini düzgün təqdim etməlidir:
"Bu günə qədər, Allaha şükür, bu məsələni düzgün təqdim etməyə çalışmışıq. Belə davam edərsə, inşallah, məqsədimizə çatacağıq. Bu, sadəcə, Azərbaycanın deyil, eyni zamanda türk dünyasının da ortaq yaddaşının bir parçasıdır. Qarabağ müharibəsi türk dünyasında bir oyanışın simvolu oldu.
Bu gün Türk Dövlətləri Təşkilatına baxdığımız zaman orada da çox önəmli işlərin görüldüyünü müşahidə edirik. Universitetlərimizdə, mediamızda, düşüncə mərkəzlərimizdə və beynəlxalq platformalarda bu həqiqətləri daha güclü şəkildə gündəmə gətirməliyik. İkinci olaraq, bunu yalnız həssas şüarlarla deyil, diplomatik fəaliyyətlərlə dəstəkləməliyik. Üçüncü olaraq isə unutmamalıyıq ki, Qərbi Azərbaycana qayıdış qarşıdurma deyil, uzunmüddətli sülhün əsaslarından biridir".
Ş.Ayrım bildirib ki, Ermənistan cəmiyyəti və vətəndaşları bundan qorxmamalıdırlar:
"İnsanlarımızın öz evlərinə, öz torpaqlarına qayıtması onların haqqıdır. Qərbi Azərbaycandan deportasiya edilən insanların hekayəsi təkcə Azərbaycanın deyil, bütün türk dünyasının ortaq vicdan məsələsidir. İnanırıq ki, gün gələcək, Göyçədə Azərbaycan türküləri səslənəcək, sürgün edilmiş insanların övladları və nəvələri ata-baba torpaqlarını ziyarət edə biləcəklər. Ədalət bəzən gecikir, amma mütləq öz yerini tapır".