"Azərbaycan tarixində ən mühüm günlərdən biri olan Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyini böyük şərəf və qürurla qeyd edirik".
Oxu.Az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunan "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusunda beynəlxalq parlament konfransında çıxışı zamanı deyib.
O bildirib ki, 12 noyabr 1995-ci il Azərbaycan xalqının taleyində yeni bir fəslin başlanğıcıdır:
"Müstəqilliyini yenidən bərpa edən Azərbaycan həmin gün qanunun aliliyinə, insan hüquqlarına və demokratik dəyərlərə əsaslanan müasir dövlətqurma idarəsini dünyaya bəyan edib. Bu böyük tarixi addımın memarı da Azərbaycanın Ümummilli lideri Heydər Əliyev olub. Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında ədalət, inkişaf, təhlükəsizlik və milli birlik prinsipləri ilə daha da güclənib. Müasir Azərbaycan güclü ordusu, müstəqil siyasəti və ədalətə əsaslanan hüquq sistemi ilə öz regionunda sülhün, sabitliyin və inkişafın simvoluna çevrilib. Bu gün biz Qarabağ qələbəsi ilə taclanan bir dövrdəyik. Belə ki, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror əməliyyatı ilə yalnız öz torpaqlarını deyil, həm də konstitusional quruluşunu, suverenliyini bərpa edib".
Mərahim Nəsib