Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Burduja: "Tuzla - Podişor qaz kəməri Azərbaycan qazı üçün Avropaya gedən daha bir marşrut olacaq"
"Rumıniyanın Tuzla-Podişor magistral qaz kəmərinin istifadəyə verilməsi Türkiyə, Azərbaycan və Yunanıstandan qazın bu kəmər vasitəsilə Avropaya nəqli üçün imkan yaradacaq".
Oxu.Az-ın məlumatına görə, bunu Rumıniyanın energetika naziri Sebastyan Burduja "LinkedIn" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Rumıniya yeni regional enerji xəritəsində strateji qovşaq kimi təsdiqlənir: biz enerji təhlükəsizliyimizi və etibarlılığımızı təmin edən infrastruktura böyük vəsaitlər yatırırıq, Qara dəniz regionunu qərb bazarları ilə birləşdirən əsas layihələri istismara veririk və biz Cənub (qaz) dəhlizindən BRUA-ya (Bolqarıstan - Rumıniya - Macarıstan - Avstriya qaz kəməri) qədər bütün böyük regional təşəbbüslərdə iştirak edirik", - deyə Burduja qeyd edib.
O, həmçinin bildirib ki, Qara dənizdən qaz qəbul edəcək qaz kəməri 99% hazırdır və növbəti 60 gün ərzində rəsmi olaraq istismara veriləcək. 500 milyon avrodan çox dəyəri olan layihə qrafikdən əvvəl və ən yüksək texniki və ekoloji standartlara uyğun olaraq tamamlanacaq.
"Tuzla - Podişor xəttinin istismara verilməsi boru kəmərinin keçəcəyi yaşayış məntəqələrində təxminən 185 000 rumının və 523 dövlət qurumunun qaza çıxışını təmin edəcək. Bu, həmçinin növbəti iki il ərzində bu boru kəməri vasitəsilə Türkiyə, Azərbaycan və Yunanıstandan Avropaya qaz nəqli üçün imkan yaradacaq və Avropa enerji təhlükəsizliyini gücləndirəcək", - deyə nazir yekunlaşdırıb.
Qeyd edək ki, 308.3 km uzunluğunda Tuzla - Podişor qaz kəməri Qara dənizdən Qərbi Avropaya qaz çatdırmaq üçün nəzərdə tutulub. Bu kəmərlə qaz "Neptun Deep" sahəsindən BRUA qaz kəmərinə nəql ediləcək.