ABŞ-ın insan haqları üzrə hesabatı illikdir və bu, Prezident Karterin vaxtından qalan çoxdankı ənənədir.
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
Diplomat bildirib ki, bəzi ölkələr barədə hesabatlar onlarla dialoq üçün əsas yaradır: “Hesabat uzun müddətə hazırlanır və elə alındı ki, bu, Avropa Oyunları ilə üst-üstə düşdü, lakin onun Oyunlara aidiyyəti yox idi”.
Səfir bildirdi ki, həmsədrlər I Avropa Oyunlarının açılış mərasimində iştirak edərkən yaxın vaxtlarda regiona səfər etmək məsələsini müzakirə ediblər.
“Mən həm də I Avropa Oyunlarını izlədim. Oyunlar çox yüksək səviyyədə təşkil olunmuşdu. Ən çox da özümün də uşaqlıqda məşğul olduğum voleybol yarışlarını izlədim, çox xoşuma gəldi. Könüllülərin işi məni çox heyran etdi. Mükəmməl iş gördülər və ölkəni çox yüksək səviyyədə təmsil etdilər”, deyə səfir bildirib.