Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Separatçı Simonyanın orbitində var-gəl edən “Sputnik”: Redaksiya əməkdaşlarının vicdanına yönələn suallar…
Yəqin ki, hər birimiz Rusiyada fəaliyyət göstərən erməni əsilli jurnalist Marqarita Simonyanın adını bu və ya digər şəkildə eşitmişik. Lakin heç də sirr deyil ki, M.Simonyanın Azərbaycandakı “populyarlığı” onun jurnalist fəaliyyəti ilə bağlı deyil, məhz jurnalist peşəsinə yaraşmayan qərəzli mövqeyi və yenə jurnalist kimliyinə sığmayacaq dərəcədə siyasiləsmiş fikirləridir. Üstəlik, bu siyasiləşmə özündə təkcə hansısa bir fərdin siyasi baxışlarını deyil, xidmət etdiyi bir qrupun təbliğat kampaniyalarının aspektlərini ehtiva edir.
Məsələn, “jurnalist” M.Simonyan açıq şəkildə fəaliyyət göstərdiyi dövlətin ərazisində onun qonşusu olan bir ölkəyə - Azərbaycana qarşı separatçı fikirləri dəstəkləyə bilir. Açıq şəkildə özünün mənsub olduğu millətin qondarma maraqlarına xidmət edir, hətta bu prosesə Rusiyanı da alət etməyi mümkün hesab edir.
44 günlük müharibə çox güman ki, M.Simonyanın da öz millətinə olan etimadını sıfıra endirib. Odur ki, M.Simonyanın Azərbaycana qarşı təxribat xarakterli fikirlərində yeni meyl müşahidə olunmağa başlayıb.
Belə ki, Qarabağdakı separatçılar öz şovinist, faşist xislətlərini növbəti dəfə ortaya qoyaraq, Rusiya bayrağından Ukraynadakı dəhşətli müharibədə Rusiya hücumlarının rəmzinə çevrilən “Z” simvolu düzəldərək, bütün dünya üçün təhlükə mənbəyi olan müharibəyə açıq dəstək verməyə davam ediblər.
Ortaya çıxan mənzərə isə M.Simonyan kimi peşəsini ambisiyalarına və xidmət etdiyi siyasi dairələrə satmış biri üçün göydən düşmə sayılıb. Dərhal sosial şəbəkə hesabında paylaşım edən M.Simonyan mənzərəyə heyran qaldığını gizlətməyib. Bununla da kifayətlənməyən Rusiyanın “erməni jurnalist”i (oxu – qərəzli, qeyri obyektiv, riyakar) şərhlərdən birində Azərbaycanın əbədi və əzəli torpağı olan Qarabağa ərazi iddiasını dəstəkləyib, üstəlik Ermənistan tərəfindən deyil, Rusiya tərəfindən...
Özünün erməni riyakarlığından güc alan Marqarita Simonyan utanmadan Qarabağ ərazisinin Rusiyanın tərkibinə qatılmasına ümid etdiyini vurğulayır. Təsəvvür edin, bu şəxs Rusiyada hansısa bir məqama çatsa da, öz məkrli erməni kimliyini unutmur, hətta buna Rusiyanı da alət edərək açıq şəkildə Azərbaycana, onun ərazi bütövlüyünə dil uzatmağa cürət edir. Rusiyanın media mühitinə yaxşı bələd olan və heç zaman paylaşdığı, sərf etdiyi sözləri təsadüf xarakteri daşımayan M.Simonyan kimi təbliğatçıların çıxışlarının arxasında hər zaman bir məqsəd dayanır: təxribat, manipulyasiya və xaos yaratmaq.
İndiki halda sadəcə M.Simonyanın sosial şəbəkədəki separatçı fikirlərinin altında yazılan şərhlərə baxsaq belə, onun hansı məkrli planlara xidmət etdiyini görə bilərik. Şərh yazanların əksər hissəsi onsuzda bir ağaya qul olmadan mövcud ola bilməyəcək erməni millətçiləri və SSRİ nostalgiyası ilə yaşayan digər şovinistlərdir. Elə M.Simonyanın əsl məqsədi də məhz bu cür qruplar arasında iyrənc təbliğatını aparmaq, bu cür zərərli fikirləri insanların beyninə yeritmək, artıq şovinizmlə zəhərlənmiş beyinləri daha da qızışdırmaqdır...
M.Simonyanın iyrənc kimliyi, aləti olduğu təbliğat maşını barədə bu qədər kifayət edər. İndi isə sözügedən məsələdə daha bir vacib məqamı diqqətinizə çatdıraq. Adı çəkilən şəxs bu gün Azərbaycanda da fəaliyyət göstərən “Sputnik” İnformasiya Agentliyinin baş redaktorluğunu edir.
“Ağası güclü olan qul asi olar”
Məsələnin mahiyyətini əks etdirmək üçün çox uzağa getmədən, elə öz atalar sözlərimizdən birindən nümunə gətirmək istədik. Marqarita Simonyanın ağalıq etdiyi “Sputnik”in asi mövqeyini görməzdən gəlmək mümkün deyil. İstər könüllü, istərsə də məcburi olsun bu media orqanı Azərbaycanda geniş fəaliyyət aparır və bu fəaliyyətində birbaşa olaraq, M.Simonyan və onun aləti olduğu təbliğat maşınının ideyalarını sezmək mümkündür. Bu isə media orqanının obyektivlikdən tam uzaqlaşmasına, Rusiyanın, bəzən isə Marqarita Simonyanın erməni kimliyindən irəli gələn təbliğata yol verilməsinə zəmin yaradır.
Rusiyanın “sputnik”i olan media qurumu
İstər-istəməz Rusiyanın maraqları ilə hesablaşmalı olan media qurumunun fəaliyyətindəki qəbuledilməz məqamlar Rusiyanın Ukraynada başlatdığı müharibə ilə daha da ön plana çıxmağa başladı. Azərbaycanda hadisələri obyektiv işıqlandıran media orqanlarının Rusiyada “Roskomnadzor” tərəfindən bloklandığı bir dövrdə “Sputnik”in Azərbaycan versiyası hələ də ölkəmizdə qərəzli ideyaların təbliği ilə məşğul olmağa davam edir, bu yolda heç bir əngəllə qarşılaşmır.
Təcrübə onu göstərir ki, “Sputnik” obyektiv ola bilməsə belə, bəzən heç olmasa neytrallığı bacarıb. 44 günlük müharibə dövründə Azərbaycan təkcə bir cəbhədə savaşmayıb. Həmçinin Azərbaycan mətbuatı da Ermənistana qarşı aparılan haqq savaşının digər bir müstəvisində - informasiya müharibəsində var gücü ilə dövlətimizin ali maraqlarını və müqəddəs missiyasını dəstəkləyib. “Sputnik”in rəhbərliyi isə hər vəchlə bu mübarizəyə öz töhfəsini verməkdən yayınaraq məhz bu – neytral olmağın əslində tərəf tutmaq anlamına gəldiyi bir məqamda “neytral” olmağı bacarıb.
Bu gün isə həmin o “neytral” mövqeyini belə itirən “Sputnik”in rəhbərliyinə dərs vermək üçün əsl məqam ola bilər. Çünki Rusiyada Azərbaycan mətbuatına qarşı qərəzli mövqeyin, həm də tamamilə əsassız bir şəkildə ortaya qoyulduğu bu günlərdə açıq şəkildə təbliğat maşınına xidmət edən bu media qurumunun Azərbaycandakı fəaliyyətini sorğulamaq üçün kifayət qədər əsaslar vardır. Belə olan halda “Roskomnadzor”un əsassız iddialarına tutarlı əsaslarla cavab verməyimiz mümkündür. Azərbaycan mətbuatının qərəzsiz mövqeyinə qərəzlə münasibət göstərənlərə qarşı qərəzli media qurumu olan “Sputnik”ə qarşı qərəzsiz cavab verərək azad mətbuatın prinsiplərinə birbaşa zidd fəaliyyətini qadağan etmək mükəmməl bir həll yolu ola bilər. Rusiyada Azərbaycan mətbuatının əksər hallarda sadəcə xüsusi müxbirlər vasitəsilə təmsil olunduğu bir şəraitdə ölkəmizdə bu cür geniş tərkibdə qətiyyən obyektiv olmayan maraqların təbliğ olunduğu bir media orqanına həqiqətən gərək varmı?
Sonda isə üzümüzü Marqarita Simonyanın baş redaktor olduğu “Sputnik”in Azərbaycan versiyasının redaksiyasına müraciət etmək istərdik. Quruma rəhbər olan şəxsin, ermənipərəst Marqarita Simonyanın Azərbaycana qarşı iyrənc ideyaları, məkrli düşüncələri sizi narahat etmirmi? Daşıdığınız jurnalist adı, peşənizə, şəxsinizə olan hörmətiniz ən azından özünüzlə təkbətək qalanda beyninizdə suallar doğurmurmu? Baş redaktoru separatçı fikirlərin, qərəzli mövqelərin daşıyıcısı, “azad söz” və bitərəflik anlayışlarına tamamilə xəyanət edən bir “jurnalist” olan media orqanında öz qələminizin getdikcə satılmış maraqlara xidmətə yönəldildiyinin fərqində deyilsinizmi? Jurnalist, vətəndaş, ailə başçısı, ən əsası bir insan olaraq vicdanınız rahatdırmı?
Bəlkə, nəhayət bu rəzil duruma qarşı öz haqq səsinizi qaldıraraq, qərəzli olmağa, təbliğat maşınına alət olmağa etiraz etməyin vaxtı çatıb? Öz imzanızın, düşüncənizin məhsulu olan materialların, ən əsası əməyinizin başqaları tərəfindən müəyyən edilmiş, perspektivdə hansı planlara söykəndiyi bəlli olmayan (və ya olan) qüvvələr tərəfindən istismarını boykot etmək çətindirmi?
Bütün bu suallar “Sputnik”in Azərbaycan versiyasında bu gün könüllü və ya məcburi şəkildə rəhbərliyində olduqları M.Simonyanın maraqları ilə bu və ya digər şəkildə hesablaşmalı olan həmkarlarımıza ünvanlanır.
“Sputnik”in baş redaktoru olan M.Simonyan sizlərin imzasını, kimliyini, fikirlərini heçə sayaraq, Azərbaycan dövlətinə qarşı açıq şəkildə separatçılıq güddüyünü etiraf edirsə, yuxarıda qeyd olunan suallar hər birinizi narahat etməlidir. Əgər M.Simonyanın Azərbaycana qarşı fikirləri ilə onun baş redaktoru olduğu qurumun əməkdaşı kimi razılaşırsınızsa, o zaman əminliklə deyə bilərik ki, Azərbaycan dövləti öz ərazi bütövlüyünə qarşı yönəlmiş separatçı fikirlərə adekvat cavab verib və bundan sonra da belə olacağına qətiyyən şübhə yoxdur. Yox, əgər milli təəssübkeşliyiniz, Azərbaycan sevginiz, onun ərazi bütövlüyü və suverenliyinə sarsılmaz hörmətiniz varsa, o zaman çağırışımıza səs verərək, “Sputnik”in orbitindən çıxmağınız ən düzgün və layiqli seçim olacaqdır...
Orxan Tağıyev
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistanda üç avtomobil toqquşdu, Fransa səfirliyinin əməkdaşı xəstəxanalıq oldu
- Bu xəbərləri qaçırmayın: 22.11.2024-ün ən mühüm hadisələri
- İran diplomatı "Yaşasın Ermənistan!" deyir
- Ermənistanda ikiüzlü davranış: döyülən təbrizli: Azğın fransız hərbçilər
- Ermənistanda Təbriz sakini azərbaycanlı olduğuna görə dəfələrlə döyülüb