Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Sərhəd təxribatının hədəfi: Aİ Ermənistanda missiyasını genişləndirir - ŞƏRH + FOTO
Sərhəd təxribatına görə məsuliyyəti tək Ermənistan deyil, onun arxasında duran dövlətlər və beynəlxalq təşkilatlar da daşıyırlar. Onlardan gələn qərəzli bəyanatlar, qatı ermənipərəst mövqe də bu qənaəti təsdiqləyir. Bu sırada Avropa İttifaqı və ona daxil olan ölkələr, xüsusən də Fransa xüsusi canfəşanlıq göstərirlər. O, Ermənistanı silahlandırır, anti-Azərbaycan fəaliyyəti genişləndirir, revanşistləri yeni müharibəyə cəlb etməyə çalışır. Şübhəsiz ki, Ermənistan onlar üçün heç bir əhəmiyyət kəsb etmir, ondan regionda maraqlarının təmin olunmasında vasitə kimi yararlanır.
Şübhəsiz ki, Qərbin qərəzli və ikili mövqeyini həyata keçirməkdə Aİ, xüsusən də təşkilatın xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin xüsusi rolu var. Bu şəxs fevralın 13-də Aİ-Ermənistan Tərəfdaşlıq Şurasının iclasından sonra verdiyi bəyanatında öz ənənəsinə sadiq qalaraq anti-Azərbaycan fikirlər səsləndirib. O, sərhəd təxribatına obyektiv qiymət vermək, onun səbəbkarını açıq demək əvəzinə, təxribatçı bəyanatlar verib. Ali nümayəndə bu son açıqlamaları ilə əsl mahiyyətini bir daha ortaya qoymuş olub.
C.Borrel Ermənistanda Aİ-nin fəaliyyətinin genişləndirilməli olduğunu, bu istiqamətdə fəaliyyət göstəriləcəyini dilə gətirib. Aİ nümayəndəsi Ermənistan ordusunun fevralın 12-də şərti sərhəd ərazisində azərbaycanlı sərhədçini yaralaması faktını görməzdən gəlib, eyni zamanda, rəsmi Bakının özünümüdafiə hüququna uyğun olaraq atdığı addımları sual altına almağa çalışıb.
Digər bir məsələ ondan ibarətdir ki, Ermənistan rəhbərliyi ilə eyni mövqedən çıxış edən Aİ nümayəndəsi qoşunların sərhəd bölgəsindən geri çəkilməsi kimi əcaib təkliflə çıxış edib. Bu da, ilk növbədə, Azərbaycanın suverenliyinə zidd olmaqla yanaşı, işğalçı Ermənistan ordusunu Azərbaycana qarşı növbəti hücumları üçün əlverişli mövqelərə çıxarmaq məqsədi daşıyır.
Əlbəttə, Ermənistan ordusu öz torpağında möhkəm dayanmış Azərbaycan ordusu ilə üz-üzə gəlmək istəmirsə, ölkəsinin içərilərinə doğru geri çəkilməkdə sərbəstdir. Maraqlıdır ki, Borrel Azərbaycanın Qarabağ bölgəsindən ötən il Ermənistanın təhriki ilə köçüb getmiş erməniləri “qaçqın” adlandırmaqdan da çəkinməyib. Ermənilərə humanitar qayğıdan danışdığı halda, Ermənistandan zorla qovulmuş 300 mindən artıq azərbaycanlı haqqında bir kəlmə belə danışmayıb.
Ermənistanın Azərbaycanla şərti sərhəddə törətdiyi təxribat İrəvanın sülhə olan real münasibətini də göstərir. Ermənistanın sülhə sədaqətindən dəm vuran baş nazir Nikol Paşinyanın, əslində, gözə kül üfürməklə məşğul olduğunu son insident də təsdiqləyir. Artıq hadisənin Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən və məqsədyönlü şəkildə törədildiyi və vəziyyəti gərginləşdirməyə xidmət etdiyi şübhə doğurmur.
Yeri gəlmişkən, Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda da Borrelin hərbi təcavüz törətmiş Ermənistan tərəfinə bəraət qazandırması, hərbi təxribatına göz yumulması kimi qiymətləndirilir. “Təəssüf ki, Aİ tərəfi beş ay sabitlik hökm sürəndən sonra heç bir təhrikedici amil olmadan snayper atəşi nəticəsində hərbi qulluqçumuzun yaralanmasına etinasız yanaşır. Azərbaycan tərəfindən təxribata cavab olaraq atılmış addımlar tam adekvat və lokal xarakterli idi. Bu tədbirlər, həmçinin, Ermənistan tərəfindən hərbi eskalasiyanın genişlənməsi cəhdlərinin qarşısını alıb”, - XİN bəyan edib.
Təəssüflə qeyd edilib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin sülhə yönəlmiş təşəbbüslərinə baxmayaraq, xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə birtərəfli ermənipərəst mövqe tutaraq Azərbaycanla Avropa İttifaqı təsisatları arasında uçurum yaradır və özünü nəticə etibarilə Azərbaycan-Ermənistan normallaşma prosesindən tamamilə təcrid edir.
Görünən odur ki, Aİ Azərbaycana qarşı nifrətin yayılması, habelə əsassız azərbaycanofobiyanın genişləndirilməsi üçün əsas rupora çevrilir, Borrel də bu siyasətə ciddi töhfə verməkdədir. Hədəfi də başa çatmış münaqişəni yenidən alovlandırmaq, regiona təsir imkanı qazanmaqdır. Ermənistan isə bu çirkin oyunun reallaşmasında vasitə rolunu oynayır.
“Report” İnformasiya Agentliyi
"Aİ" teqi üzrə xəbərlər
- Köhnə dünyanın fiaskosu: "Güllələrin istehsalı çörək istehsalını qabaqlayıb"
- Ərdoğan: "Aİ-yə üzvlük Türkiyənin strateji hədəfi olaraq qalır"
- Macarıstan və Slovakiya Gürcüstana qarşı sanksiyaların qarşısını alıb
- Aİ Gürcüstanla vizasız rejimi dayandıracaq?
- Aİ Rusiyaya qarşı 15-ci sanksiya paketini təsdiqləyib