AXCP-nin qarşıdan gələn bələdiyyə seçkilərində iştirak üçün heç 20 nəfər namizədi yoxdur.
Oxu.Az xəbər verir ki, bunu AzNews.az-a Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.
O, AXCP-nin sədr müavini Razi Nurullayevin təmsil etdiyi qurumun ofis problemi üzündən bələdiyyə seçkilərinə qatılmayacağı ilə bağlı fikirlərini belə şərh edib:
“Mən ilk öncə partiyanın ofis və digər məsələlərlə bağlı gündəmdə qalmaq istəməsi məsələsinə aydınlıq gətirmək istəyirəm. AXCP partiya olaraq öz mövcudluğunu itirib və Azərbaycanda belə bir partiya yoxdur. Bir müddət əvvəl AXCP Milli Şuraya qoşulmaqla bu qurumun hesabına məşhurlaşmaq istədi, amma alınmadı. Son günlər mətbuatda partiyanın sədri Əli Kərimlinin izlənilməsi ilə bağlı məlumatlar dərc olunur. Bunun da effekt vermədiyini görüb, indi də ofis problemlərini ortalığa çıxardıblar”.
S.Novruzov vurğulayıb ki, onlar ofis problemini istədikləri vaxt həll edə bilərlər:
“Bunun üçün kimlə istəsələr müqavilə bağlayıb ofis götürərlər. Bu cür məsələləri ACXP-çilərin gündəmə gətirməkdə məqsədi qəzet və jurnalların üz qabığında qalmaqdır. Hesab edirəm ki, digər məsələlər kimi, ofis problemlərini də gündəmə gətirmələri onların ortalığa atdıqları növbəti oyundur. Oyun oynamaqdansa, iş görmək lazımdır. Bu, aydın məsələdir ki, AXCP bələdiyyə seçkilərinə qatıla bilməyəcək. Çünki bələdiyyə seçkilərində 20 min adamın namizədliyini vermək lazımdır. Bütün partiyalar kimi AXCP də bu qədər insanın siyahısını hazırlamalıdır.
AXCP-nin bələdiyyə seçkilərində iştirak üçün 20 min deyil, heç 20 nəfər namizədi də yoxdur. Bu partiyanı tərk edən insanlar gedib özlərinə partiya yaradırlar. Hazırda AXCP-də Əli Kərimli və cangüdənlərindən başqa heç kəs qalmayıb. Bu cür olan halda da sözügedən partiya seçkidə necə iştirak edə bilər? Bu cür rəzilliyi boynuna ala bilməyən partiya rəhbərliyi müxtəlif bəhanələr gətirib, seçkidə iştirak edə bilməmələrini müxtəlif əsası olmayan məsələlərlə bağlayırlar. Hesab edirəm ki, cəmiyyət yaxşı bilir ki, bunlar boş bəhanələrdir”.
Qeyd edək ki, ötən gün AXCP-nin sədr müavini Razi Nurullayev AzNews.az-a müsahibəsində partiyanın ofisinin olmamasının ciddi problemlər yaratdığını bildirmişdi. O, problemin həll olunmayacağı təqdirdə partiyanın qarşıdan gələn seçkilərdə çox güman ki, iştirak edə bilməyəcəyini söyləmişdi.