Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Solovyovun böhtanları erməni diasporunun sifarişidir - RƏY + FOTO
Rusiyalı təbliğatçı Vladimir Solovyovun Moskvadakı terrorla bağlı Azərbaycanın adını hallandırması məqsədyönlü xarakter daşıyır və onu maliyyələşdirən erməni diasporunun sifarişidir.
Bu fikri “Report”a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.
Onun sözlərinə görə, məqsəd Rusiyanın ictimai rəyində Azərbaycana və azərbaycanlılara qarşı neqativ rəy formalaşdırmaq, Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirməkdən ibarətdir:
“Ermənistanın siyasi rəhbərliyinin Rusiya əleyhinə apardığı kampaniya, rəsmi İrəvanın Moskvaya qarşı ittihamları və Qərbin maraqlarının ifadəçisinə çevrilməsi Rusiyada yaşayan və uzun illərdən bəri Azərbaycana qarşı nifrət toxumları səpməklə “istifadəyə yararlı olduqlarını” sərgiləməyə çalışan, bundan maksimum fayda əldə edən erməni diasporunun siyasət, media və biznes sektorundakı mövqelərini xeyli zəiflədib. Rusiyanın ictimai rəyində Ermənistanın və ermənilərin gerçək xəyanətkar və dönük mahiyyətinin dərk olunması ilə müşahidə edilən dəyişikliklər baş verib. Azərbaycanın öz qonşularına, o cümlədən Rusiyaya münasibətdə sabit və müstəqil mövqe nümayişl etdirməsi, bölgədənkənar qüvvələrin Cənubi Qafqaza ayaq açmalarının əleyhinə çıxış etməsi və bununla bağlı qətiyyətli davranış sərgiləməsi uzun illərdən bəri erməni diasporunun və onun mediadakı uzantılarının təxribat imkanlarını xeyli zəiflədib. Rusiyanın ictimai rəyində Azərbaycana və azərbaycanlılara münasibətdə müsbət dəyişikliklər getdikcə daha qabarıq şəkildə nəzərə çarpmaqdadır. Bununla yanaşı, Moskvada törədilən terror aktında Ermənistan xüsusi xidmət orqanlarının və erməni diasporunun, o cümlədən Ermənistanın himayəçilərinin dolayısı ilə iştirakı da istisna olunmur”.
A.Kərimli bildirib ki, terror ermənilərin ənənəvi “mübarizə” metodlarından biri hesab olunur:
“Hələ 1977-ci il yanvarın 8-də Moskva metrosunda, həmçinin SSRİ DTK-sının binası yaxınlığında və Nikolskaya küçəsində yerləşən ərzaq mağazalarında özlərini “Ermənistan birləşmiş milli partiyası”nın təmsilçiləri elan edən Stepan Zatikyan, Badasaryan və Stepanyan tərəfindən terror aksiyasının gerçəkləşdirilməsi də bunu sübuta yetirir. Görünür, “Crocus City”də baş verən dəhşətli terror aksiyasından sonra ermənilərin 1977-ci ildə Moskvada həyata keçirdikləri silsilə terror aksiyalarının xatırladılması Rusiyadakı erməni diasporunun və lobbisinin klassik təbliğatçılarını da ciddi narahat edib və onlar Azərbaycanın adını hallandırmaqla diqqəti ermənilərdən yayındırmağa çalışıblar. Lakin bu qəbildən olan təxribatların Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirməsi qeyri-mümkündür. Rusiyada “Crocus City” terrorunun motivlərini çox yaxşı bilirlər və dövlət rəsmilərinin bununla bağlı açıqlamaları da sübuta yetirir ki, oliqarx Samvel Karapetyanın Azərbaycana qarşı təxribat üçün Solovyov kimilərə ötürdüyü vəsaitlər bu dəfə də işə yaramayacaq”.
Milli Məclisin deputatı Sahib Alıyev isə vurğulayıb ki, Vladimir Solovyovun, Marqarita Simonyanın, Aram Qabrielyanovun və digərlərinin Azərbaycana qarşı fəaliyyətlərinin arxasında milli təəssübdən çox, imperiya maraqlarından çıxış etmələri durur:
“Rəsmi Moskvanın maraqlarına cavab verməyən addımlar atanda həmin şəxslər Ermənistanı da amansızlıqla söyürlər. Əgər bağlı olduqları çevrələr narazılıq bildirsələr, sözügedən imperiya nökərləri Azərbaycana qarşı bir kəlmə belə işlətməzlər. Düşünürəm ki, Solovyov qətiyyən haypərəst deyil, ona arada belə bir rol oynamaq tapşırılıb. Ümumiyyətlə, onların heç birində prinsip anlayışı yoxdur, mənəviyyatsız, ləyaqətsiz ünsürlərdir. Solovyov kimi hayların da haypərəstlikləri milli kimliklərindən irəli gəlmir”.
Onun fikrincə, Solovyov və onun kimi ermənipərəstlərin niyə şər-böhtan dolu mövqedən çıxış etdiyini anlamaq üçün Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasinin açıqlamasına diqqət etmək yetərlidir:
“Bir vaxtlar Rusiyanın xarici işlər nazirinin müavini vəzifəsində çalışmış, nəyi, niyə dediyini yaxşı bilən Karasin deyir ki, dünyada onun ölkəsi qədər hay maraqlarını nəzərə almağa hazır olan ikinci dövlət yoxdur. O, bu haypərəstliyin arxasında isə “tarix və qan bağlarından tutmuş regional təhlükəsizlik prioritetlərinə qədər” bir çox faktorların durduğunu deyir. Ona görə də Solovyovlar, Simonyanlar Azərbaycana qarşı hürəndə bilin ki, onların bu hərəkətləri heç də özfəaliyyət deyil”.
Qeyd edək ki, rusiyalı jurnalist Vladimir Solovyov çıxışında Azərbaycanla bağlı eyhamlar səsləndirib, martın 22-də Moskvada törədilmiş terror hadisəsində rəsmi Bakının adını hallandırıb. Onun bu addımı birmənalı qarşılanmadığı kimi, Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək niyyəti daşıdığı da istisna olunmayıb.