"İranda müşahidə olunan etiraz aksiyaları təsadüfi yox, illərdir formalaşmış sosial-iqtisadi gərginliyin növbəti təzahürüdür".
Bu fikirləri Oxu.Az-a açıqlamasında siyasi ekspert Rəşad Bayramov İranda baş verən aksiyaları şərh edərkən deyib.
O bildirib ki, aksiyaların ara-sıra səngiməsi və ya güclənməsi spontan yox, sistemli xarakter daşıyır:

"Xüsusilə Təbriz, Ərdəbil, Zəncan kimi bölgələrə ordunun cəlb edilməsi prosesin lokal çərçivəni aşaraq kütləvi hal alacağı ehtimalını gücləndirir. Adıçəkilən bölgələr Azərbaycan türklərinin kompakt yaşadığı ərazilərdir və təhlükəsizlik qüvvələri məhz bu bölgələrdə cəmləşdirilir. Bu da onu göstərir ki, mərkəzi hakimiyyət hadisələri adi aksiya kimi yox, potensial təhlükə kimi qiymətləndirir. Həmçinin idarəetmə strukturunda da ziddiyyətli məqamlar az deyil. İranın Ali Lideri Əli Xamenei etirazları xarici müdaxilələrlə izah edir. İran siyasi sistemi uzun illərdir ikili diskurs üzrə fəaliyyət göstərir. Ali lider xarici müdaxilə arqumentini önə çəkərək bölgəyə güc strukturlarının müdaxiləsini legitimləşdirməyə çalışır".
Ekspert etirazlarda xarici müdaxilələr məsələsinin mümkünlüyünü də qeyd edib:
"Beynəlxalq informasiya mərkəzləri və platformalar koordinasiyalı şəkildə etirazları yönləndirirlər. Başqa sözlə, maraqlı güclər sosial-iqtisadi müstəvidəki narazılıqların daha da genişlənməsi üçün katalizator rolunu oynayırlar. Hakimiyyətlə xalq arasında uçurumu dərinləşdirməyə çalışırlar. Ümumilikdə isə etirazların səbəblərini birgünlük və ya təsadüfi proses kimi qiymətləndirmək doğru deyil. Bu, uzunmüddətli struktur böhranının zaman-zaman periodik şəkildə üzə çıxan mərhələsidir. Hazırda rəhbərlik etirazları nəzarətdə saxlaya bilir. Amma bunun tam aradan qaldırılması üçün bölgəyə təkcə təhlükəsizlik qüvvələrinin cəlb edilməsi kifayət etməyəcək. Sistem özü dəyişikliklərə getmədiyi təqdirdə etiraz dalğaları qaçılmaz görünür".
Məlik Məlikov