Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Tənzilə Rüstəmxanlı təşviqat kampaniyaları içərisində ən böyük görüşünü keçirib
Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkinin təşviqat kampaniyası çərçivəsində avqustun 24-də 70 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədrinin müşaviri, Azərbaycan-Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının seçicilərlə görüşləri davam edir.
Oxu.Az xəbər verir ki, bu barədə Tənzilə Rüstəmxanlının seçki qərargahından məlumat verilib.
Bildirilib ki, deputatlığa namizədin növbəti görüşü Neftçala Olimpiya İdman Kompleksində təşkil olunub.
Tənzilə Rüstəmxanlının təbliğat kampaniyaları içərisində ən böyüyü olan görüşə mindən çox seçici qatılıb. Tənzilə Rüstəmxanlı böyük coşqu və alqışlarla qarşılanıb.
Görüş Azərbaycanın dövlət himninin oxunması və vətənin bütövlüyü uğrunda canından keçən şəhidlərin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
Əvvəlcə, Tənzilə Rüstəmxanlıdan bəhs edən qısa video-çarx izlənilib.
Görüşdə millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı, Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Camal İsmayılovun anası Filarə İsmayılova, xeyriyyəçi iş adamı Akif Kərimov, Azərbaycan Mətbuat Şurası İdarə Heyətininin üzvü, "Yeni Çağ" Media Qrupunun rəhbəri Aqil Ələsgər və namizədin vəkili Hüseyn Qurbanov çıxış edib.
Çıxışçılar Milli Məclisə keçirilən seçkinin önəmindən bəhs edib, seçkinin ilk dəfə ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanda keçirildiyini vurğulayıblar. Tənzilə Rüstəmxanlının ictimai və siyasi fəaliyyəti haqqında danışan çıxışçılar onun əzmindən söz açıb, Neftçala üçün nələr edə biləcəyindən bəhs ediblər. Təbliğat kampaniyası prosesində Neftçaladan namizədliyi qeydə alınmış digər şəxslərə qarşı Tənzilə Rüstəmxanlı və komandası tərəfindən heç bir qarşı kampaniyanın yürüdülmədiyi bildirilərək onun seçki mədəniyyətinin formalaşmasına verdiyi töhfə də xüsusilə qeyd edilib.
Kampaniya prosesindən şəhid və qazi ailələri ilə görüşlər keçirən Tənzilə Rüstəmxanlının ali dəyərlərə verdiyi önəmin göstəricisi kimi rəhbəri olduğu təşkilatlar vasitəsilə həyata keçirilən tədbirlərə diqqət çəkilib. Neftçala sakinlərinin problemlərinin öyrənilməsində vətəndaşlarla birbaşa dialoqa üstünlük verildiyini bildirən çıxışçılar "Neftçala üçün birlikdə!" şüarına hamılıqla sadiq qalacaqlarını vurğulayıblar.
Daha sonra söz Tənzilə Rüstəmxanlıya verilib. Deputatlığa namizəd öz platforması haqqında məlumat verib. O bildirib ki, seçiləcəyi təqdirdə, həmişə olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin uğurla davam etdirilməsində, milli-mənəvi dəyərlərimizin qorunması, cəmiyyətin mənəvi kamilləşməsi, zərərli ideoloji təsirlərin qarşısının alınması işində var qüvvəsi ilə çalışacaq.
Neftçala sakinlərinin problemlərinin qabardılması və həlli yollarında səylərini əsirgəməyəcəyini vurğulayan Tənzilə Rüstəmxanlı seçiləcəyi halda seçicilərinin etimadını doğruldacağına söz verib.
O qeyd edib ki, seçicilər üçün əlçatan olacaq və birbaşa ünsiyyəti heç bir vaxt kəsməyəcək.
Xanım namizəd görüşə gələn hər bir seçiciyə təşəkkürünü bildirib və onları 1 sentyabrda keçiriləcək seçkidə aktiv iştirak etməyə çağırıb.