Azərbaycan Avropaya inteqrasiya etmək üçün hələ hazır deyil.
Oxu.Az Hafta.az-a istinadən xəbər verir ki, bunu “New Baku Post” qəzetinin baş redaktoru, siyasi ekspert Tofiq Abbasov deyib.
Siyasi ekspert həmçinin “Viza Sazişini” gecikmiş addım da adlandırdı:
“Bu məsələ mərhələ-mərhələ öz həllini tapır. Gördüyünüz kimi, uzunmüddətli prosesdən sonra hələ ki, biz viza rejiminin sadələşdirilməsi haqqında müqaviləni imzalamışıq. Hətta bu da bir balaca gecikmiş prosesdir. Azərbaycana Avropadan demokratik təsisatlar, guya siyasi məhbusların problemlərinin şişirdilməsi və s. məsələlərə görə təzyiqlər edilir.
Prinsip etibarilə Azərbaycan hansı sazişə getməyindən asılı olmayaraq, bu müqaviləyə hazır olmalıdır. Bizim eksport imkanlarımız yüksələrsə, bişmiş gömrük şərtləri olarsa, o zaman istənilən sazişə qoşulmağa hazır olarıq. Lakin hələ ki, biz bir çox sazişi imzalamağa hazır deyilik”.
Tofiq Abbasov açıqlamasında Qubad İbadoğlu ilə baş tutan debatda demədiklərindən danışdı:
“Rusiya Gömrük İttifaqı adlı layihəni təklif etsə də, bu sazişin məzmunu çox çiydir. Rusiya özü də bilmir ki, nə təklif edir. 20 ildir ki, Rusiya daxil olmaqla, Gömrük İttifaqı üçün nəzərdə tutulan digər ölkələrdən də ayrılmışıq. Buna görə də vahid bazar və ikitərəfli münasibətləri tənzimləyən müqavilələr yoxdur.
Bu səbəbdən də biz qaranlıq otaqda qara pişik axtara bilmərik. Azərbaycan bir şeyi düz edir ki, sazişlərə məqsəd kimi deyil, vasitə kimi yanaşır. Bizim əsas məqsədimiz odur ki, istənilən sazişə qatıldıqda biz diskriminasiyaya məruz qalmayaq”.