"Uzun illərdir Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında davam edən müharibə artıq final mərhələsinə çatıb".
Bu sözləri Baku TV-yə açıqlamasında hüquqşünas Əhməd Şahidov söyləyib.
Ə.Şahidov qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin, demək olar ki, bütün şərtləri razılaşdırılıb və ABŞ-nin təşkilatçılığı ilə yekun sənəd imzalanacaq.
Hüquqşünas, həmçinin bildirib ki, ABŞ-nin 30 ildir Azərbaycana birbaşa hərbi yardımını qadağan edən düzəliş Donald Trampın imzası ilə təxirə salınacaq:
"Bundan sonra ABŞ Azərbaycana hərbi və maliyyə yardımı göstərə biləcək. İki ölkə arasında strateji əməkdaşlığı daha yüksək səviyyəyə qaldıracaq yeni saziş imzalanacaq və bu, siyasi, iqtisadi, ticarət, enerji, təhlükəsizlik və qlobal terrorizmlə mübarizə sahələrində əməkdaşlığı gücləndirəcək".
Onun sözlərinə görə, sülh sazişi ilə bağlı Rusiya və İran mediasında son günlər manipulyasiya cəhdləri müşahidə olunur:
"İran rəsmiləri iddia edirlər ki, guya ABŞ ordusu bölgəyə yerləşəcək. Lakin əslində, Cənubi Qafqazda ABŞ-nin hərbi mövcudluğu gündəmdə deyil. Sadəcə, Ermənistan öz ərazisindən keçəcək marşrutu ABŞ ilə birlikdə idarə edəcək ki, bu da onun suveren hüququdur. ABŞ burada yalnız Azərbaycan və Ermənistan arasında birbaşa sülhün və dialoqun təminatçısı rolunu oynayır".
Ə.Şahidov vurğulayıb ki, bu vəziyyət Rusiyanı narahat edir:
"Çünki Moskva illərdir Bakı və İrəvanı mənasız görüşlərlə vaxt itirməyə məcbur edir, sülh prosesini uzadır və bölgəni nəzarətdə saxlamağa çalışırdı. Yeni şəraitdə Rusiya Cənubi Qafqazda əvvəlki kimi davrana bilməyəcək".
Daha ətraflı Baku TV-nin süjetində: