Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Tramp Ukraynaya hərbi yardımı dayandırır: Kiyev necə müdafiə olunacaq?
ABŞ Ukraynaya hərbi yardımın dayandırıldığını təsdiqləyib. Ağ Evdən bildirilib ki, yardımın dayandırılmasında məqsəd Rusiya-Ukrayna münaqişəsinin həllinə kömək etmək üçündür. Bəs bu, Kiyevin müdafiə qabiliyyətinə necə təsir edəcək və sülhə hansı formada töhfə verə bilər?
Oxu.Az mövzunu yerli və xarici ekspertlərlə araşdırıb.
Ukraynalı politoloq Valeri Dımov hesab edir ki, ölkəsinin hərbi qulluqçuları demarkasiya xəttində olmalı və demobilizasiya olunmamalıdırlar:
"Əks halda, ölkəni müdafiə etmək çətin olacaq. Düzdür, Ukraynada deputatların yarısı Zelenskinin avtoritarizm qurduğunu deyir. Lakin Zelenskiyə münasibətimizdən asılı olmayaraq, biz prezidentimizin yanındayıq. Çünki heç kim Rusiyanın təcavüzünə qarşı mübarizə aparan hakimiyyətin legitimliyinə şübhə etmir və bu gün biz əvvəlkindən də müstəqil siyasət yürüdürük. Hətta müharibəni 24 saata bitirəcəyinə söz verən Tramp bu müddəti sonradan 100 saatadək, daha sonra isə ilin sonuna qədər uzatdı. Bu gün açıq şəkildə görürük ki, heç kim bizim yerimizə qərar verə və başqası ilə razılığa gələ bilməz".
Ukraynalı politoloq Aleksandr Kovalenko isə hesab edir ki, Donald Tramp kifayət qədər səs-küylü bəyanatlar verən bir siyasətçidir, bunların arxasında isə müəyyən bir mövzuya artan diqqəti cəlb etməkdən başqa bir şey yoxdur:
"Fakt budur ki, Donald Tramp bu yolla Kiyevə və Volodimir Zelenskiyə təzyiq göstərməyə, onun müəyyən məsələlərdə, məsələn, nadir təbii ehtiyatlarla bağlı müqavilə bağlaması üçün güzəştə getməsinə çalışır. Lakin Donald Trampın açıqlamalarından sonra Prezident Zelenskinin reytinqi daha da artıb. Onun ətrafındakı insanlar bir şüar altında birləşiblər. Bu, bizim prezidentimizdir, onu tənqid etmək də, "diktator" adlandırmaq da ancaq bizim hüququmuzdur, Donald Trampın deyil. Ona görə də Donald Trampın Zelenskiyə hansısa yolla təzyiq göstərmək cəhdi praktiki olaraq baş tutmadı, ona görə də Tramp belə bir addıma əl atıb. Nə Putin, nə də Tramp Zelenskinin və Ukraynanın taleyini həll edəcəklər, Zelenskinin və Ukraynanın taleyini Ukrayna xalqı həll edəcək".
Politoloq İlyas Hüseynov isə bildirib ki, Amerika Birləşmiş Ştatlarının Ukraynaya hər növ hərbi yardımı dayandırması Ukrayna üçün kifayət qədər ciddi itkidir:
"Çünki burada hava hücumundan müdafiə sistemləri, dronlar, gecəgörmə cihazları, raketlər, hərbçilər üçün müxtəlif növ ləvazimatlar və digər silah-sursat əhatə edilir. Eyni zamanda, kəşfiyyat məlumatlarının ötürülməsi də dayandırılacaq və bu da Ukrayna tərəfinə ciddi çətinliklər yaradacaq. Belə bir vəziyyətdə müharibəni dayandırmaq önəmlidir, çünki hazırda Kiyevin əlində olan silah-sursat və Avropanın yardımı ilə münaqişəni davam etdirmək Ukrayna üçün daha da ağır nəticələrə gətirib çıxara bilər".
"Donald Tramp da buna çağırış edir ki, onun dövründə bir qarış da olsun Ukrayna torpağı itirilməyib. Düzdür, onun iqtidarı başlayandan sonra Rusiyanın əldə etdiyi cüzi ərazilər olub, lakin əlbəttə ki, ərazilərin böyük hissəsi Bayden administrasiyası dönəmində itirilib. Zelenski isə israr edərək məğlubiyyəti qəbul etməməklə həm də Ukrayna dövlətini çətin vəziyyətdə qoya bilər və indi onun seçim etmək zamanıdır. Çünki söhbət çox ciddi həcmdə silah-sursatın Ukrayna tərəfinə verilməməsindən gedir. Bu, çox ciddi itkilərə gətirib çıxara bilər", - deyə analitik vurğulayıb.
Hüseynov əlavə edib ki, Kiyev müdafiə istiqamətində bir sıra çətinliklərlə üz-üz qala bilər:
"Bu, həm şimal, həm də Kursk istiqamətində Ukraynanın müdafiəsində boşluqlarla nəticələnə bilər ki, bu baxımdan, gec və ya tez bu müharibə bitməlidir. Pis və çox pis arasında qalan Zelenski milli maraqlar haqqında da düşünməlidir".
Mərahim Nəsib
"Rusiya-Ukrayna müharibəsi" teqi üzrə xəbərlər
- Zelenski Trampla görüşün nəticəsiz qalmasından sonra yeni sülh təkliflərini AÇIQLADI
- Avropa İttifaqı Kiyevə yeni hərbi yardım paketinin hazırlanmasını dayandırdı
- Ukrayna Ali Radası: "Silah ehtiyatı ölkəyə yarım il bəs edəcək"
- Ermənistana işğalçı deyə bilməyən Avropa Trampdan niyə inciyir?
- Vens: "Ukraynanın döyüşləri davam etdirmək üçün kifayət qədər insan resursu yoxdur"