"Türkiyə coğrafi mövqeyinə görə başda zəlzələ olmaqla bir çox təbii fəlakət riski ilə üz-üzə olan ölkədir. Buna görə də şəhərsalma siyasətimizin mərkəzində yalnız inkişaf deyil, həm də təhlükəsizlik, dayanıqlılıq, risklərin azaldılması və fəlakətlərə hazırlıq dayanır".
Oxu.Az xəbər verir ki, bunu Türkiyənin ətraf mühitin mühafizəsi, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Hasan Suver Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində keçirilən "Şəhər zəlzələsinə hazırlığın gücləndirilməsi daha təhlükəsiz və daha davamlı şəhərlər üçün BMT-nin həlləri" adlı konfransda bildirib.
Onun sözlərinə görə dayanıqlı şəhər yalnız möhkəm binalardan ibarət deyil:
"Dayanıqlı şəhər infrastrukturu, nəqliyyatı, sosial obyektləri, iqtisadi həyatı və ictimai həmrəyliyi ilə böhranlara qarşı ayaqda qala bilən şəhərdir. Zəlzələ riski ilə mübarizədə əsas prinsipimiz fəlakət baş verdikdən sonra müdaxilə deyil, fəlakət olmazdan əvvəl riskləri azaltmaqdır. Bu yanaşma bina fondunun yenilənməsi, təhlükəsiz yer seçimi, düzgün planlaşdırma, tikinti nəzarəti, infrastrukturun dayanıqlılığı və fövqəladə vəziyyət imkanları ilə birlikdə nəzərdən keçirilir".
"2023-cü ildə baş verən zəlzələlər şəhərlərimizin fəlakətlərə qarşı hazırlıqlı olmasının nə qədər həyati əhəmiyyət daşıdığını kədərli bir şəkildə nümayiş etdirdi. Bu böyük fəlakətdən sonra Türkiyə "yenidən qurarkən daha yaxşısını etmək" anlayışı ilə genişmiqyaslı bərpa prosesi başladıb", - deyə nazir müavini vurğulayıb.