Hürriyet qəzeti 17 iyul saylı buraxılışında Yalçın Bayerin imzası ilə “Azeri Bakanın oğlunun korumasına ne oldu?” başlıqlı məqalə dərc olunmuş məqaləsi ilə bağlı yazıda adı keçən “Garant Holding”in təsisçisi Anar Məmmədovdan üzr istəyib.
Oxu.Az xəbər verir ki, qəzet həqiqətə uyğun olmayan həmin xəbəri ilə bağlı Azərbaycan-Amerika Alyansından daxil olmuş təkzib xarakterli materialı dərc edib və Anar Məmmədovun xəbərdə qeyd olunan mövzu ilə heç bir aidiyyatının olmadığını yazıb.
“Bu gün Anar Məmmədov bacarıqlı gənc iş adamı olaraq, öz fəaliyyətini ölkə daxili və xaricində həyata keçirir, “Azərbaycan-Amerika Alyansı”nın təsisçisi və rəhbəri, minlərlə əməkdaşı olan Garant Holding-in təsisçisidir. O, Türkiyə də daxil olmaqla, onlarla ölkədə müxtəlif layihələr həyata keçirir. Bundan başqa, Vətənini sevən bir şəxs olaraq, Anar Məmmədov Azərbaycanın haqlı davasını dünyaya çatdırmaqdan bir addım belə geri çəkilmir. Xocalı soyqırımının Amerika Birləşmiş Ştatlarında tanıdılması üçün böyük layihələr həyata keçirib” – deyə, Hürriyet-in təkzib məqaləsində deyilir.
Yazıda qeyd olunur ki, türk dünyası üçün çalışan Anar Məmmədovun haqqında belə yalan xəbərlərin yayılması hər kəsdə təəssüf hissi doğurur:
“Çünki burada əsas hədəf Anar Məmmədov deyil, Azərbaycan və Türk dünyasının gələcəyi üçün qurulan layihələrdir
Məqalə müəllifinin haqqında bəhs etdiyi şəxsə gəldikdə isə, Anar Məmmədovun heç zaman belə bir mühafizəçisi olmayıb. Cənab Məmmədov minlərlə əməkdaşı olan holdinq və diaspora qurumunun təsisçisi olaraq, onunla çalışan hər bir əməkdaşı şəxsən tanımağa borclu deyil və işdən çıxmış əməkdaşın hansısa fəaliyyətinə görə heç bir məsuliyyət daşıya bilməz. Biz hazırda məqalədə adı çəkilən əməkdaşın nə zaman və hansı işdə çalışdığını araşdırırıq. Əsas məsələ isə ondan ibarətdir ki, Anar Məmmədovun belə bir mühafizəçisi yoxdur. Ayrıca olaraq, müəllifin adanın alınması və ad günü tədbirinin keçirilməsi ilə bağlı dedi-qodu xarakterli xəbərləri də həqiqəti əks etdirmir. Azərbaycan-Amerika Alyansı olaraq, Hürriyet qəzetindən və cənab Yalçın Bayerdən jurnalistika prinsiplərinə uyğun olaraq, bu açıqlamanı dərc etməyinizi xahiş edirik.
Azərbaycan-Amerika Alyansının Mətbuat və ictimaiyyətlə əlaqələr departamenti”.