Avropa İttifaqı Şurasının sabiq prezidenti, Avropa Xalq Partiyasının (AXP) prezidenti Donald Tusk bütün Şərq Tərəfdaşlığı məkanında davam edən regional münaqişələrin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyü əsasında nizamlanmasına çağırıb.
Tuskun iyunun 18-də verdiyi bəyanatda qeyd olunur ki, AXP Şərq Tərəfdaşlığı proqramına üzv dövlətlərin tanınmış sərhədləri çərçivəsində onların ərazi bütövlüyünü dəstəkləyir.
Bəyanat Şərq Tərəfdaşlığı ölkələrinin liderlərinin sammiti ilə əlaqədardır.
Qeyd edək ki, Şərq Tərəfdaşlığı Avropa İttifaqı, onun üzv ölkələri və altı şərq qonşusu arasında əlaqələri dərinləşdirmək, gücləndirməyə yönəlmiş birgə siyasi təşəbbüsdür.
Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramına Azərbaycan, Ukrayna, Belarus, Gürcüstan, Ermənistan və Moldova daxildir.
AXP ilk dəfə olaraq Şərq Tərəfdaşlığı regionunda münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq səviyyədə tanınan sərhədlər daxilində ərazi bütövlüyü prinsipi əsasında həllinə öz dəstəyini bəyan edib.
Bəyanatda ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar prosesinə və həmsədrlərin səylərinə hərtərəfli dəstəyin olması vurğulanıb.
Qeyd olunan amil AXP tərəfindən hərbi münaqişənin yalnız ATƏT-in Minsk Qrupu formatında davam etdirilməsi, Ermənistan tərəfinin separatçıların danışıqlara cəlb olunması ilə bağlı mövqeyinin qəbul edilməməsi kimi qəbul olunmalıdır.
AXP-nin mövqeyinin bir sıra siyasi aspektləri də var. Birincisi, 43 ölkədən 83 siyasi partiyanı özündə birləşdirən AXP Avropa İttifaqı Parlamentində və Avropa İttifaqı institutlarında təmsil olunan ən iri siyasi qüvvədir.
İkincisi, nəzərə alaq ki, Ermənistan Respublikasının iki siyasi partiyası - Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın rəhbəri olduğu “Respublika” partiyası və “İrs” partiyası AXP-nin üzvüdür.
Bu mənada bəyanatda münaqişələrlə bağlı mövqe Ermənistan partiyalarına zərbə kimi qiymətləndirilə bilər.
Proqnozlaşdırmaq olar ki, bu, həm də Ermənistan daxilində siyasi qüvvələr arasında gedən ciddi münaqişənin dərinləşməsinə səbəb olacaq.
Bəyanat S.Sarqsyan tərəfindən Tuska ünvanlanmış müraciətin hər hansı siyasi nəticə vermədiyini sübut edir.
Yuxarıda göstərilənlər ilk növbədə Azərbaycan rəhbərliyinin Tuskla formalaşmış konstruktiv tərəfdaşlıq münasibətlərinin nəticəsi kimi qiymətləndirilməlidir.
Bəyanatda ərazi bütövlüyünün dəstəklənməsi münaqişələr kontekstində nəzərdən keçirilib.
ATƏT-in Minsk Qrupuna istinad heç bir xüsusi qeyd olmadan “əsas prinsiplər” anlayışı ilə olub.
Tusk növbəti tvitlərində Ermənistanı sərt şəkildə tənqid edib, Azərbaycan haqqında hər hansı şərhdən çəkinib.
Qeyd edək ki, iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında sammiti keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitini giriş sözü ilə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel açıb.
Sonra Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen çıxış edib.
Daha sonra Avropa İttifaqına üzv dövlətlərin və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçıları çıxış ediblər.