Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“Üç nöqtə”də şiddətli döyüşlər: İrandakı soydaşlarımızın alqışı, generalların izahı – REPORTAJ + FOTO
Azərbaycanın İranla sərhəd zolağının Zəngilan istiqaməti məxsusi strateji əhəmiyyəti ilə seçilir. Zəngilandakı “Üç nöqtə”, yəni Azərbaycan-İran-Ermənistan sərhədinin birləşdiyi nöqtə xüsusilə önəmlidir, lakin təəssüflər olsun ki, ara-sıra rəsmi Tehran həmin ərazini paylaşılan üçtərəfli ortaq dəyər kimi deyil, kəsişən maraqlar zəminində gündəmə gətirir.
Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində həmin ərazini, yəni “Üç nöqtə”ni azad etməklə işğal altında olan 132 kilometrlik sərhədini bərpa etmək missiyasını yekunlaşdırıb, bundan sonrakı dövrlərdə isə cənub qonşumuzun emosiyaları qızışaraq özünün pik həddinə çatıb.
İran tematikasını bir kənara qoyaraq, iki il öncəki əməliyyatlara köklənək, bildiririk ki, Azərbaycan hərbçiləri üçün bu nöqtəyə çatmaq elə də asan başa gəlməyib.
Öncəliklə qeyd etmək lazımdır ki, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları 44 günlük müharibədə həmin istiqamət üzrə qarşıya qoyulan məqsədlər və amallar naminə döyüşə atılıblar.
Hadisənin qısa şəkildə xronologiyasını təsvir etməyə çalışaq.
DSX hərbçiləri Xudafərin körpüsünün azad olunmasından sonra üzü Zəngilana yol alıblar və Zəngilan şəhərini işğaldan azad ediblər.
DSX-nin polkovnikləri Babək Ələkbərov və Nəsib Mirzəyev Zəngilan şəhərində onların qarşısında duran jurnalistlərə deyirlər ki, Xudafərin körpüsü azad edildikdən sonra sərhədçilər Arazboyu zolağı ilə Zəngilana doğru istiqamət götürüblər.
Daha sonra Zəngilanda “1941-1945” abidəsi kimi tanınan ərazidə mövqelənərək növbəti sızma əməliyyatları icra edilir və qarşıya çıxan düşmən məhv olunur. Növbədə isə “Üç nöqtə sədaları” altında verilən tapşırıqlar üzrə hərəkət edilir…
Pilotsuz uçuş aparatları bir gün öncə kəşfiyyat aparır
DSX-nin təşkilatçılığı ilə “dördüncü hakimiyyətin” nümayəndələri həmin əraziyə, yəni “Üç nöqtə”yə yollanaraq müharibə iştirakçıları olan hərbçilərdən informativ qənimət qopararaq döyüşləri təsəvvürlərində canlandırmaq fürsətini qazandılar.
Yola çıxırıq və “Üç nöqtə”dəki Ağbəndə sarı gedirik, yolboyu Araz çayının o tayından İranın kəndlərini görürük, bu tayda isə Azərbaycanın həyata keçirdiyi yenidənqurma işlərinin şahidi oluruq.
İnsanın özündən asılı olmur, tarixdə məruz qaldığımız bir sıra haqsızlıqların yaratdığı instinktiv duyğular bir azərbaycanlı kimi daxilimdə baş qaldırır və Arazın o tayına baxarkən dərin düşüncələrə dalıram.
Lakin mövzumuz bu deyil, sadəcə yolboyu yaranan təəssüratın emosional çaları barədə bir-iki cümlə yazmadan əsl mətləbə keçmək mənə görə yarımçıqlıq olardı.
Zira, Ağbəndə çatırıq, DSX-nin generalları - Aqşin Məhərrəmov və Misir Əliyev bizi gözləyirlər, media nümayəndələri yeni məlumatlar almaq şövqü ilə həvəslənərək fürsəti boşa buraxmadan mikrofonları onlara doğru uzadırlar.
General-mayor Aqşin Məhərrəmov deyir ki, DSX-nin arsenalında müasir silahlar və avadanlıqlar, pilotsuz və zərbəendirici uçuş aparatları mövcuddur.
“Aydındır ki, düşmən müharibədə bu silahların qarşısında tab gətirə bilməzdi. Azərbaycan Dövlət Sərhəd Xidmətinin təlimlər zamanı əldə etdiyi bacarıq və vərdişlər yüksək peşəkarlıqla Vətən müharibəsində tətbiq edildi” cümlələri ilə xatırlatma xarakterli giriş verən cənab Məhərrəmov daha sonra “Üç nöqtə” əməliyyatı haqqında məlumatları çatdırır.
“Üç nöqtə” əməliyyatını həyata keçirmək tapşırıqları DSX-nin Çevik Hərəkat Dəstəsinə həvalə olunur, lakin bir gün öncədən pilotsuz uçuş aparatlarının köməyi ilə ərazinin kəşfiyyatı aparılır, erməni bölmələrinin yerləşmə yeri, canlı qüvvəsi, texnikaları, atəş mövqeləri dəqiqləşdirilir.
“Raket və artilleriya qurğuları vasitəsilə düşmənin yaxınlaşmaqda olan texnikaları sıradan çıxarıldı. Zərbəendirici pilotsuz uçuş aparatları vasitəsilə düşmən dərinliklərində yerləşən artilleriya qurğuları dəqiq atəşlərlə məhv edildi”, - deyə cənab general-mayor sözlərinə əlavə edir.
Mövqeləri tutmaq və möhkəmlənmək üçün DSX-nin çevik dəstələri hərəkətə keçir və onlar Ermənistan hərbçilərinin qalan hissəsini məhv etmək bacarıqlarını döyüş meydanında göstərirlər.
İrandan gələn alqış səsləri, hərbçilərimizin çətin yolla hərəkəti
Azərbaycan sərhədçilərinin elit qüvvələri sızma əməliyyatları ilə yüksəkliyə irəliləyərkən onları İran tərəfdən müşahidə edən soydaşlarımız alqışlarla qarşılayır, sevinirlər, şüar səsləndirirlər, ancaq bu, hərbi cəhətdən çətinliklər yaradır. Belə ki, Ermənistan hərbçiləri bundan duyuq düşüb Azərbaycan qoşunlarının hərəkət trayektoriyasını müəyyən edə bilərdilər.
General-mayor Misir Əliyev deyir ki, İrandakı soydaşlarımızın alqışları sərhədçilərin yerinin aşkar edilməsi və onların pusquya düşməsi risklərini artırırdı. Bəs nə etməli?
“Biz buna görə də, istiqamətimizi dəyişib, daha çətin yollarla hərəkətə keçdik”, - deyə Misir Əliyev döyüş yolu barədə danışır.
Azərbaycanın elit qüvvələrindən olan çevikçilər Ağbənddəki yüksəkliklərdə ermənilərin mövqeləndiyini görür.
Kameralar “atəş açır”, Ağbənd azad olunur
Hərbçilərimiz üçün problem yaradan digər məqam ermənilərin yüksəkliklərdə qurduğu müşahidə kameraları idi, belə ki, onlar həmin kameralar vasitəsilə qarşıdan gələn təhlükəni görürdülər və atəş açmaqla müqavimət göstərməyə çalışırdılar.
Ona görə də, həmin kameralar zərərsizləşdirilməli idi ki, hərbçilərimiz əngəllərdən birini aradan qaldırmış olsun.
“Bizə yaxın yüksəklikdə yerləşən kameranı məhv etdik, lakin daha yüksəklikdəki kameralarla isə biz yenə müşahidə altında idik. Dəqiq atəşlə həmin kameraların da zərərsizləşdirilməsinə nail olduq.
Əməliyyatın gedişi barədə rəhbərlik məlumatlandırıldı və bizə əmr gəldi ki, Ağbənd sərhəd zastavası düşməndən təmizlənsin. 6 saatlıq gərgin döyüşlərdən sonra düşmən tamamilə məhv edildi və Ağbənd sərhəd zastavası işğaldan təmizləndi”, - deyə Misir Əliyev söyləyib.
Bununla da dövlət sərhədinin 132 kilometrlik hissəsi tamamilə işğaldan azad edilir, lakin iş bitmir. Alınan növbəti döyüş tapşırığına əsasən, Vejnəli qızıl mədəni və Sığırt yüksəkliyi düşməndən təmizlənməli idi.
Qızıl mədəni çox kiçik bir heyətlə Ermənistanın işğalından qurtulmaq şərəfinə nail olur və Sığırta doğru istiqamət götürülür.
Ermənilər nə qədər əks-həmlə etsələr də, onların bu cəhdi uğursuz alınır və Azərbaycan hərbçiləri tərəfindən geri oturdulur.
“Üç nöqtə”də keçirilən əməliyyatlarla əldə edilən nəticələrin strateji əhəmiyyətini göstərmək üçün bu mövzu ilə bağlı söhbətimizin arxasına üç nöqtə qoyuruq...
Bartazın əhəmiyyəti
Buradan təxminən 2300 metr yüksəklikdə yerləşən Bartaz yüksəkliyinə gedirik, dolanbaclı və yoxuşlu yolları qalxdıqca aşağıdan yuxarıya doğru şığıyan duman topasının sürətini öz gözlərimizlə görürük.
Ətrafı duman bürüyür, əyləşdiyimiz avtomobil sürəti azaldır, lakin Bartaz yüksəkliyinə tez bir zamanda çatırıq, burada postlarda xidmət edən sərhədçilərin hərbi nizam qaydalarına uyğun olan gündəlik həyat tərzinə şahidlik edirik.
Bartaz yüksəkliyinin strateji əhəmiyyətini onun Ermənistanla sərhədin hansı nöqtəsində olması aydın izah edir, yüksəkliyin bir tərəfi Qafan, bir tərəfi isə Mehri ilə həmsərhəddir.
44 günlük Vətən müharibəsində “Bartaz” yüksəkliyini də DSX-nin elit bölmələri böyük peşəkarlıqla Ermənistanın “zindanından” azad edib.
Buradakı döyüşlərin necə getdiyini DSX-nin çevik dəstələri real döyüş şəraitinə uyğun şəkildə imitasiya edirlər və Azərbaycan bayrağının yüksəklikdə sancılması səhnəsini qururlar.
Onsuz da yüksəklikdə olarkən düşünürsən ki, hərbi peşəkarlıq məharəti olmasaydı, bu yüksəkliyin işğaldan təmizlənməsi müşkülə çevrilə bilərdi və ya çətin olardı.
İndi yüksəkliyi sərhədçilərimiz mühafizə edir, qarşı tərəfdəki erməni postlarındakı istənilən hərəkətlilik ovucun içi kimi görünməkdədir.
Sərhədçilərimizin əli daim tətikdədir, müşahidələri qartal baxışları kimi dəqiqdir, lakin soyuqqanlı və təmkinlidirlər.
Onlara öz xidmətlərində bol-bol uğurlar, ordumuza daha yüksək nailiyyətlər arzu edirik!!!
Aqşin Kərimov
Daha çox foto burada: Photostock.az
"DSX" teqi üzrə xəbərlər
- DSX hərbçilərinin xidmət apardığı Subsaksiz yüksəkliyindən FOTOREPORTAJ
- Qazaxın azad olunmuş kəndlərində yeni zastavalar tikiləcək
- Azərbaycan-Gürcüstan sərhədində şərti sərhəd pozucuları zərərsizləşdiriliblər
- Qazaxın işğaldan azad olunan yeni kəndləri kameralar vasitəsilə müşahidə olunur
- DSX generalı: "Son 7 ildə dəyəri 162 milyon manatdan çox narkotik dövriyyədən çıxarılıb"