Azərbaycanın Xankəndi şəhəri ilə qardaşlaşma prosedurunu başlayan ilk Avropa şəhəri Rumıniyanın Baia Mare şəhəri oldu.
Oxu.Az xəbər verir ki, sentyabrın 17-də Rumıniyanın Baia Mare şəhərinin meri loan Doru Denkuş və Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Baia Mare və Xankəndi şəhərləri arasında qardaşlaşmış şəhərlər sazişinin imzalanması haqqında niyyət protokoluna qol çəkiblər.
Tədbir Baia Mare Şəhəri Günündə baş tutub. Tədbirdə Azərbaycan ilə parlamentlərarası münasibətlərin inkişafına böyük töhfə verən Rumıniya Senatının Rumıniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü, Maramureş vilayətinin senatoru Kristian-Auvqustin Nikulesku-Tsıqırlaş, Maramureş vilayətinin Vəkillər Kolleqiyasının sədri Florin Antrekut, Baia Mare şəhərinin merinin müavini İonut Pırvu və Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov iştirak ediblər. Baia Mare şəhərinin meri Ioan Doru Denkuș çıxışında bildirib ki, bu təşəbbüs hər iki şəhər arasında əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə imkan yaradacaq. Onun sözlərinə görə, təşəbbüs çərçivəsində yeni iqtisadi və investisiya imkanlarının təşviqi, biznes dairələri arasında birbaşa əlaqələrin qurulması, yerli administrasiyalar arasında birgə layihələrin həyata keçirilməsi, eləcə də mədəniyyət, təhsil və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Eyni zamanda, o niyyət protokolunun Baia Mare Şəhəri Günündə imzalanmasının xüsusi rəmzi məna daşıdığını bildirib.
Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov çıxışında Xankəndinin qardaşlıq prosedurunun Avropada ilk olaraq Rumıniyanın Baia Mare şəhəri ilə başlanmasının təsadüf olmadığını qeyd edib. O, Azərbaycan ilə Rumıniya arasında dərin köklərə söykənən dostluq, tərəfdaşlıq və strateji əməkdaşlıq münasibətlərinin olduğunu, Rumıniyanın Azərbaycanın müstəqilliyini Avropada tanıyan ilk ölkə olduğunu vurğulayıb. Elçin Yusubov, həmçinin Qarabağın əsas mərkəz şəhəri olan Xankəndi üçün bu təşəbbüsün Avropa şəhərləri ilə yeni əməkdaşlıq imkanları açdığını qeyd edib. O, Azərbaycanın Xankəndi şəhərinin 30 il sürən işğaldan sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə - dirçəliş, quruculuq və beynəlxalq əməkdaşlıq mərhələsinə qədəm qoymasınının böyük əhəmiyyətini vurğulayıb.
Rumıniya Senatının Rumıniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü, Maramureş vilayətinin senatoru Kristian-Auvqustin Nikulesku-Tsıqırlaş parlamentlərarası dialoq çərçivəsində başlayan əməkdaşlığın regionlararası əməkdaşlığa çevrilməsini və iki ölkənin regionları arasında qarşılıqlı əlaqələrin daha da genişləndirilməsini vacib hesab etdiyini bildirib. O, cəmi bir neçə ay əvvəl 4-cü Şuşa Qlobal Media Forumunda iştirak etdiyini, forum çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevlə dialoqda iştirak edib, ona Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası arasında institusional dialoqun yenidən canlandırılması perspektivləri ilə bağlı sual ünvanladığını qeyd edib. Qarabağa səfər çərçivəsində həmçinin xüsusi nümayəndə Elçin Yusubov ilə görüş keçirdiyini xatırlayan senator, bu əməkdaşlığın nəticəsi olaraq Qarabağ və Maramureş regionlarının bir-birinə yaxınlaşdığını, hər iki bölgə üçün yeni imkanlar yaradıldığını vurğulayıb.
Səfir Qüdsi Osmanov çıxışında Azərbaycan ilə Rumıniya arasında mövcud olan münasibətlər, xüsusən regionlararası əlaqələrin inkişafına yönəldilməsini nəzərdə tutulan birgə layihələr barədə danışıb. O, Azərbaycanın Xankəndi şəhəri ilə qardaşlaşma prosedurunu başlayan ilk Avropa şəhərinin Rumıniyanın Baia Mare şəhərinin olmasını yüksək dəyərləndirərək, bunu Maramureş ilə Azərbaycan arasında konkret layihələrin, real imkanların və davamlı münasibətlərin başlanğıcı adlandırıb.
Tədbir yerli mediada geniş işıqlandırılıb.