Müstəqil Azərbaycanın memarı və qurucusu ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində ölkədə akkreditə olunmuş, iqamətgahı Bakıda və Ankarada yerləşən diplomatik korpusun nümayəndələrinin, eləcə də hərbi attaşelərin mayın 6-da Naxçıvan şəhərinə gediblər. Bu məqsədlə Bakıdan və Ankaradan Naxçıvana xüsusi çarter reysləri təşkil olunub.
“Report” xəbər verir ki, “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda keçirilən konfransın iştirakçıları ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra Heydər Əliyev Muzeyinə gələn qonaqlar ümummilli liderin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla tanış olublar. Ulu öndərin hər kəsə örnək olan çoxşaxəli siyasi fəaliyyəti, o cümlədən həyatının Naxçıvan mərhələsi haqqında xarici qonaqlara ətraflı məlumat verilib.
Diqqətə çatdırılıb ki, Naxçıvan şəhərinin Heydər Əliyev prospektində yerləşən muzeydə ulu öndərin ailəsinə, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işlədiyi dövrə aid sənəd və materiallar, imzaladığı məktub, qərar, sərəncam və müqavilələrin surətləri nümayiş olunur. Muzeyin kitabxanasında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitablar, film və qəzet materialları da sərgilənir.
Qeyd edək ki, konfransda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko və ölkəmizdəki səfirliklərin rəhbərləri və nümayəndələri iştirak edirlər.
Səfər çərçivəsində qonaqlar Naxçıvanın gəzməli-görməli, turizm əhəmiyyətli yerlərlə tanış olacaqlar.