Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Naxçıvanda Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 55-ci ildönümü qeyd olunub
Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 55-ci ildönümünə həsr olunan konfrans baş tutub.
"Report"un yerli bürosunun məlumatına görə, iyulun 12-də ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 55-ci ildönümü münasibətilə Naxçıvanda "14 iyul 1969-cu il: Azərbaycanda milli intibahın başlanğıcı" adlı konfrans keçirilib.
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, abidənin önünə tər güllər düzüblər.
Sonra Heydər Əliyev Sarayının foyesində təşkil olunan sərgiyə baxış olub. Sərgidə Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində mühafizə olunan və 1969-cu ildə hakimiyyətə gəldikdən sonra ulu öndərin Naxçıvan səfərlərinin yaddaqalan məqamlarını, muxtar respublika sakinləri ilə səmimi görüşlərini və mətbuatda çıxışlarını əks etdirən fotoşəkillər nümayiş olunub.
Daha sonra öz işinə başlayan konfransda ümummilli lider Heydər Əliyevin və ölkənin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli 2024-cü il iyulun 14-də ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 55-ci ildönümü münasibətilə hər kəsi təbrik edib.
Səlahiyyətli nümayəndə bildirib ki, ötən əsrin 60-cı illərində Azərbaycanda durğunluq hökm sürürdü, respublika iqtisadi göstəricilərinə görə ittifaq miqyasında sonuncu yerlərdən birini tuturdu. Bu acınacaqlı vəziyyətə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra son qoyulub.
Səlahiyyətli nümayəndə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə görülən işləri də xüsusi qeyd edib.
F.Nəcəfli çıxışının sonunda ümummilli lider Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib və vurğulayıb ki, müstəqil Azərbaycan ulu öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqın milli sərvətidir.
Sonra Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının sədri Arif Rəhimzadə və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev konfransda çıxış ediblər.
Konfrans Naxçıvan Televiziyasının təqdim etdiyi "14 iyul Zirvəsi" adlı sənədli filmin nümayişi ilə başa çatıb. Filmdə ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə milli dövlətçiliyin yaradılması və gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən bəhs edən arxiv materialları, çıxışları təqdim olunub.
"Naxçıvan Muxtar Respublikası" teqi üzrə xəbərlər
- Naxçıvanda "Heydər Əliyev və Azərbaycan həmkarlar ittifaqları" mövzusunda konfrans keçirilib
- İşdən çıxarılan vəzifəli şəxs Naxçıvan Ali Məclisini məhkəməyə verdi
- Dövlət büdcəsindən Naxçıvana verilən pullar niyə azaldılır?
- Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq
- Naxçıvan MR büdcəsinə nəzərdə tutulan dotasiyanın həcmi azaldılıb