Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Xronika: Bakı və İrəvan arasında dekabr danışıqlarında Qərbi Azərbaycan məsələsi
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
Oxu.Az xəbər verir ki, "Sülh sazişi mətnindən çıxarılan məsələ yenidən müzakirə olunur" adlı süjetdə dekabr ayında rəsmi Bakı və İrəvanın sülh müqaviləsinin müzakirəsi ilə bağlı yeni prosesin başlayacağı barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin ötən ay verdiyi açıqlamasına yer verilib.
Bildirilib ki, danışıqların pərdəarxası dəqiq bilinmədiyi üçün yalnız ehtimallar irəli sürmək mümkündür: "Bu versiyalar arasında təbii ki, əsas məsələlərdən biri Qərbi azərbaycanlıların evlərinə qayıdışı, bunun sülh sazişinin mətninə daxil edilməsi, yaxud Bakı və İrəvan arasında hansısa formada rəsmiləşməsidir".
Qeyd olunub ki, Bakı və İrəvan arasında gözlənilən dekabr danışıqları iki hissəyə ayrılır: "Birinci məsələ sülh sazişinin mətni ilə bağlıdır və burada əsas problematik məsələlərdən biri Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Konstitusiyasının dəyişdirilməsi və digər normativ-hüquqi aktlarından, xüsusilə Müstəqillik bəyannaməsindən imtina edilməsidir. İkincisi, sülh sazişinin mətnindən çıxarılan, lakin Bakı-İrəvan xəttindəki danışıqların ayrılmaz hissəsi olan kommunikasiyanın açılması və sərhədin delimitasiyasının müzakirə edilməsidir".
Süjetdə Ermənistan parlamentinin deputatı Tiqran Abramyan, rusiyalı politoloq Andrey Areşevin, erməni türkoloq Varujan Qeqamyan və erməni politoloq Alen Gevondyanın fikirləri də ön plana çəkilir. Onların sözlərinə görə, Azərbaycan prioritet hesab etdiyi ərazilərdə delimitasiyanın keçirilməsinə nail olmağa çalışır: "Bu, onların düşüncəsi ilə Qərbi Azərbaycana doğru addım-addım irəliləməkdir. Ermənistan hakimiyyəti də Azərbaycanın tələblərinə boyun əymək və güzəştə getmək prinsipinə uyğun davranır. Rəsmi Bakı güclü mövqedən çıxış edir və daha çox tələblər irəli sürür. Əsas tələb Ermənistan Konstitusiyasının dəyişdirilməsidir. Pərdəarxası tələblərdən biri də Qərbi Azərbaycana qayıdışla bağlıdır. Ermənistanda hesab edirlər ki, Paşinyanın Qərbi Azərbaycanı qondarma "Qərbi Ermənistan" iddiası ilə eyniləşdirməsi azərbaycanlıların qayıdışı ilə bağlı öhdəliklər götürməyə hazırlaşmasından qaynaqlanır. Bu kimi açıqlamalarla erməni ictimai rəyində Qərbi Azərbaycan konsepsiyasını qanuniləşdirir. 300 min azərbaycanlının geri qayıtması aktualdır və bu baş tutacağı təqdirdə, Ermənistanın hazırkı əraziləri daxilində Azərbaycan dövləti qurulacaq. Ermənistan hakimiyyətinin 2025-ci ildə yaratmağa hazırlaşdığı Milli Qvardiya da azərbaycanlıların geri qayıdışına hazırlıq məqsədi daşıyır".
Sonda vurğulanıb ki, öz yurduna qayıdış hər bir Qərbi azərbaycanlının beynəlxalq hüququdur və bunun təmin edilməsinin təminatçısı Azərbaycan olacaq: "Bu baxımdan, dekabr danışıqları Qərbi Azərbaycan konsepsiyası üçün xüsusi əhəmiyyət daşıyacaq".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində:
"Qərbi Azərbaycan Xronikası" teqi üzrə xəbərlər
- Xronika: Ayıbasan, Ayıdərəsi, Ayılı xaraba, Aynazur, Aynaxlı, Ayrım - türk tarixinin izi
- Qərbi Azərbaycan Xronikası: "Nüvədidə bir nəfər də olsun erməni yaşamayıb"
- Xronika: Qərbi Azərbaycanda qovut hazırlama, əriştə kəsmə adətləri, xəvçilik üsulu
- Xronika: "Vəziyyət gərginləşməyə başladı, 500-dən çox ailə ilə birgə kənddən getməyə məcbur olduq"
- Xronika: "Saxta erməni tarixi uydurmaq üçün İrəvan türklərinin mədəni irsini dağıtdılar"