Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Xronika: "Əminik ki, bu qayıdış ermənilərin saxta əməllərinə və yalanlarına son qoyacaq"
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "And erməni mənbələrində niyə Hand kimi qeyd edilir?" adlı süjet hazırlanıb.
Bugünkü süjetdə ermənilərin saxta addəyişmə terroruna məruz qalan Anağızoğlu, Anagüney, And, Angersak toponimi haqqında söz açılıb.
Bildirilib ki, tarix boyu azərbaycanlılara qarşı etnik, dini və milli ayrı-seçkilik siyasəti yürüdən Ermənistan və onun rəhbərləri xəbis əməllərindən əl çəkməyərək addəyişmə əməliyyatlarını açıq şəkildə həyata keçiriblər.
Anağızoğlu - Göyçə mahalının Çəmbərək, sonralar Krasnoselo adlandırılan rayonun Toxluca kəndində qışlaq olub.
Anagüney - Şəmşəddil mahalının Dilican şəhəri ərazisində vadi adıdır.
And - Vedibasar mahalının Vedi, sonralar Ararat adlandırılan rayonda kənd olub. 1873-cü ildən burada yaşayan azərbaycanlılar 1918-1919-cu illərdə ermənilər tərəfindən vəhşicəsinə qovulub. İndiki Ermənistanda 1920-ci ildə sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə dönüblər. 1948-1949-cu illərdə Azərbaycana köçürülüb və kənd ləğv edilib. İndi xaraba kənddir.
Angersak - Kərpibasar mahalının Əştərək, sonralar Aştarak adlandırılan rayonda kənd adıdır. Yerli əhali kəndə Ənirsək deyib. Kənddə 1873-cü ildən 1919-cu ilədək yalnız azərbaycanlılar yaşayıb. 1920-ci ildə kəndin sakinləri erməni soyqırımına məruz qalaraq tarixi-etnik torpaqlarından deportasiya olunub. 1959-cu ildə kənd ləğv edilib və xaraba qoyulub.
Sonda vurğulanıb ki, Qərbi Azərbaycanın qədim ərazisində yerləşən bu toponimlər də mənfur ermənilər daşı-daş üstündə qoymadığı, böyük həvəslə addəyişmə əməliyyatları aparmalarını təsdiqləyən faktlardır: "Lakin ermənilər türklərin tarixən və ruhən bağlı olduğu doğma yurdlara dönəcəyini unudublar. Əminik ki, bu qayıdış ermənilərin saxta əməllərinə və yalanlarına son qoyacaq".
Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlə də ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı süjetdə:

"Qərbi Azərbaycan Xronikası" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan Xronikası: "Avropada ermənilərə casus kimi baxılırdı"
- Qərbi Azərbaycan Xronikası: Alçalı Təpə, Amağu, Amasiya - Türk tarixinin izi
- Qərbi Azərbaycan Xronikası: "Qorbaçova arxalanan ermənilər azərbaycanlıları sıxışdırıblar"
- Qərbi Azərbaycan Xronikası: "Yapon" ləqəbli daşnakın Zeytə qətliamı
- Qərbi Azərbaycan Xronikası: "Biz üç nəsildir dədə-baba torpaqlarımızdan uzaq qalmışıq"