Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Yeni çağırışlar dövrünün parlamentinə doğru
Azərbaycan yeni bir dövrə qədəm qoyur. Müxtəlif sahələri əhatə edən islahatlar dövrü, təbii ki, idarəetmədə də çeviklik, yeni yanaşmalar tələb edir. Bu mənada, hakimiyyətin qanunvericilik qolunu əhatə edən, fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri məhz yeni çağırışlara əsaslanan ən genişmiqyaslı kampaniyalardan biridir.
Sual oluna bilər: parlamentin səlahiyyət müddətinin bitməsinə bir neçə ay qaldığı bir vaxtda bu cür mühüm ictimai-siyasi tədbirin keçirilməsi hansı zərurətdən irəli gəlir? Bu suala ən dolğun cavabı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində verib. Bütün incəlikləri dəqiqliklə xarakterizə edən dövlət başçısı parlament seçkilərini çox önəmli hadisə və önəmli proses kimi dəyərləndirib:
“Mən artıq qeyd etdiyim kimi, ölkəmiz yeni islahatlar dövrünə qədəm qoydu, Prezident Administrasiyası, Nazirlər Kabineti, bəzi mərkəzi icra orqanları, yerli icra orqanları artıq struktur islahatlarını başa çatdırıblar, yaxud da ki, bu islahatlar davam etdirilir. Belə olan halda, parlament də kənarda qala bilməz və növbədənkənar parlament seçkilərinin əsas məqsədi ondadır ki, vaxt itirmədən yeni çağırışlara uyğun qanunvericilik bazası formalaşsın və qanunvericilik sahəsində atılan addımlar ümumi islahatlar kursunu dəstəkləsin”.
Həqiqətən də, müasir inkişaf templəri, Azərbaycan dövlətinin seçdiyi kurs artıq hər bir sahədə yeni yanaşmalar tələb edir. Yeni yanaşmalar isə vaxt itkisini sevmir: bir vaxtlar aylar ərzində icra olunan layihələri indi daha qısa müddətə icra etmək lazım gəlir; deməli, qanunvericiliyin özünün də zamanın tempinə uyğunlaşması, müasir inkişaf tendensiyalarının ritminə əsaslanması labüddür.
Eyni zamanda, Milli Məclis üzvlərinin özlərindən gözləntilər də dəyişir. İslahatlar dövrünün vətəndaşı haqlı olaraq düşünür ki, müasir deputat daha təşəbbüskar olmalı, çevik iş mexanizmləri qurmağı bacarmalı, seçici ilə arasıkəsilməz, interaktiv ünsiyyət şəraitində çalışmalı, onun səsini eşitməli, mərkəzi və yerli icra hakimiyyəti orqanları qarşısında vətəndaşın sözünü demək və problemləri həll etmək bacarığına malik olmalıdır.
Yeni parlament vətəndaş məmnunluğuna xidmət edən qanunverici orqan olmalıdır
Növbədənkənar parlament seçkilərinin keçirilməsi qərarının istər cəmiyyət, istərsə də siyasi partiyalar tərəfindən müsbət qiymətləndirilməsi məhz bu gözləntilərin doğurduğu reallıqlardan biridir. Başqa sözlə, seçici yeni parlamentdən onun məmnun vətəndaş statusunu təmin edən çeviklik, işlək mexanizmlər, yeni iş üslubu kimi mühüm dəyişikliklər gözləyir. Çünki seçici gələcəyə inanır və inamı gözləntilər üzərində qurulub. Onun inamına görə, yeni parlamentdə xalqın o nümayəndələri təmsil olunacaq ki, onlar öz qanunvericilik fəaliyyətlərində ümumi işə töhfə verməyi, qanunvericiliyi təkmilləşdirməyi, öz dairələrində fəal iş aparmağı əsas qayələrinə çevirəcəklər. Bu mənada, cənab Prezident İlham Əliyevin yeni parlament barədə danışarkən dediyi sözlər bir növ gələcək deputatlar üçün fəaliyyət proqramı rolunu oynamalıdır:
“Mən parlament üzvlərinin fəaliyyətinə qiymət vermək istəmirəm, çünki bu, hakimiyyətin başqa qoludur. Ancaq yeni seçiləcək deputatlara tövsiyəm odur ki, onlar öz dairələrində daha fəal olsunlar ki, vətəndaşlar onları tanısınlar, onlara müraciət etsinlər. Onlar yerli və mərkəzi orqanlar qarşısında məsələ qaldırsınlar”.
Ən maraqlısı budur ki, dövlət başçısı yeni seçiləcək deputatların ölkədəki roluna ictimai nəzarət prizması baxımından yanaşır:
“...dediyim o ictimai nəzarətin bir forması da bu olacaq. Çünki bəzi hallarda, mən bilirəm, deputat seçilir, ondan sonra öz dairəsinə heç baş çəkmir, heç maraqlanmır”.
İctimai nəzarət isə, bildiyimiz kimi, vətəndaş cəmiyyəti quruculuğunun olduqca mühüm elementi, dövlətin inkişafı üçün son dərəcə gərəkli bir mexanizmdir.
Zənnimcə, müasir deputatın yeni missiyasında ictimai nəzarətə əsaslanmaq funksiyası mütləq mühüm rola və yerə malik olmalıdır. İctimai nəzarətedici rolunu oynayan seçicinin problemləri ilə daim maraqlanan deputatla müntəzəm təmasları son nəticədə “seçici-deputat-əlaqədar qurumlar” zəncirini yaratmaqla, yenidən seçicinin maraqlarına doğru qayıdış etməlidir. Bax, məhz bu mexanizmin işləkliyi bu gün öz səsinin dairəsindən seçilmiş deputat vasitəsilə eşidilməsini istəyən seçicini məmnun vətəndaşa çevirəcək. Məmnun vətəndaş isə daim öz dövlətinin yanında olan, heç bir kənar təsirə uymayan vətəndaşdır. Deməli, deputatın fəaliyyətinin yeni çağırışlarla uzlaşması son nəticədə həm də dövlətin udması deməkdir.
Beləliklə, yeni parlament islahatlar dövrünün vətəndaşının çevik qanunvericilik arzularını reallaşdıran, onun vətəndaş məmnunluğuna xidmət edən, deputatın məhz onun yanında olduğuna əminlik yaradan bir qanunverici orqan olmalıdır.
Ümid edirəm ki, 9 fevralda keçiriləcək növbədənkənar seçkilər xalqın iradəsi və Prezident İlham Əliyevin uzaqgörən tövsiyələrinin uğurlu sintezini əks etdirməklə ölkəmizə məhz bu parlamenti və yeni təfəkkürlü deputatları bəxş edəcək. Axı bu, həm də zamanın çağırışıdır.
Elnur Allahverdiyev
17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizəd
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezident İlham Əliyev: "COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir"
- Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
- Bu xəbərləri qaçırmayın: 23.11.2024-ün ən mühüm hadisələri
- Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM