Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Zakir Həsənov: “Ərazi bütövlüyünün bərpasında Azərbaycan qadını bu gün yaxından iştirak edir”
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə xanımları təbrik edib.
Müdafiə Nazirliyinin təbrik mətnini təqdim edirik:
“Əziz xanımlar!
Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, hər birinizə ən xoş arzularımı bildirirəm.
Azərbaycan qadını tarix boyu şərəfli və müqəddəs ana adını uca tutmaqla müdrikliyi, idarəetmə strukturlarında işgüzarlığı, saflığı və mübarizliyi ilə keçmişimizə ən parlaq səhifələr yazıb. Respublikamızın ictimai-siyasi, mədəni həyatında, cəmiyyətdə fəal iştirak edərək Vətənin müdafiəsində və dövlət quruculuğunda xüsusi bacarıq, istedad nümayiş etdirməklə yanaşı, ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə cəsarət və qorxmazlığı ilə seçilib.
Dövlətçilik tariximizin şərəfli səhifəsi sayılan Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri - qadınlara seçmək və seçilmək hüququnun verilməsi, cəmiyyətdə onların xüsusi hörmətə və nüfuza malik olduqlarını bir daha xarakterizə edir.
Respublikamız dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra da Azərbaycan qadınının cəmiyyətdə əvəzsiz rolu bir daha təsdiqlənib. Milli dövlət quruculuğu prosesində, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılmasında fəal iştirakı Azərbaycan qadınının dünyagörüşünün zənginliyinin, intellektual səviyyəsinin yüksək olmasının bariz nümunəsidir.
Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qadınlar da fəal iştirak edib, qəhrəmanlıq, fədakarlıq nümunələri göstəriblər. Vətənimizin azadlığı uğrunda və müqəddəs amal naminə neçə qadın şəhid olub, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Azərbaycan qadını gənc nəslin Vətənə, Dövlətə sevgi, müstəqil dövlətçiliyə və azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda tərbiyə olunmasına öz böyük töhfələrini verib və onların xalqa, cəmiyyətə layiqli övlad kimi formalaşmasında əsl vətəndaş, əsl ana kimi əməyini əsirgəməyib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə milli-mənəvi dəyərlərimizə, humanizm ideyalarına xidmət edən və ənənələrimizi qoruyub yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunmasında, eləcə də ölkəmizin müdafiə qüdrətinin artırılmasında və ərazi bütövlüyünün bərpa edilməsində Azərbaycan qadını bu gün yaxından iştirak edir. Mərhəməti, humanistliyi, xeyirxahlığı, müdrikliyi və zəngin dünyagörüşü ilə fərqlənən qadınlarımız ordu quruculuğunda da yaxından iştirak edirlər. Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə xidmət edən yüzlərlə qadın Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirir. Mülki işlərdə çalışan qadınlarımızın da əməyi yüksək qiymətləndirilir.
Azərbaycanın müstəqilliyi, suverenliyi, torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş qadınlarımızın əziz xatirəsini ehtiramla yad edir, şəhid analarına, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür-gün yoldaşlarına, əsgər analarına səmimi bayram təbriklərimi çatdırır, yüksək hörmət və ehtiramımı bildirirəm.
İnanıram ki, bütün qadınlar kimi, Azərbaycan Ordusunda xidmət edən hərbi və mülki işlərdə çalışan qadınlar da bundan sonra da ölkə rəhbərliyinin etimadını doğruldacaq, göstərilən diqqət və qayğıya layiqli cavab olaraq Vətənə, Xalqa, Dövlətə sədaqət göstərəcəklər.
Bayramınız mübarək, əziz xanımlar!”
"Azərbaycan Ordusu" teqi üzrə xəbərlər
- Türkiyənin Quru Qoşunları komandanı ölkəmizdə rəsmi səfərdədir
- Yücel Karauz: "Bir ölkəyə dəstəyini göstərmək üçün orada hərbi baza qurmaq dövrü geridə qalıb"
- Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb
- Azərbaycan Ordusunun hərbi qulluqçusu İngiltərədə təltif edilib
- İtaliyanın hərbi nümayəndə heyəti ölkəmizə səfər edib