"Rusiya Azərbaycan və Ermənistan nümayəndələri üçün danışıqlar üçün öz meydançasını təqdim etməyə və onlar üçün maksimum rahat şərait yaratmağa hazırdır".
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə Azərbaycan liderinin Ermənistanla sülh müqaviləsi ilə bağlı bəyanatını şərh edərkən bildirib.
Onun sözlərinə görə, Rusiya hələ 2022-ci ildə (Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 31 oktyabr tarixli bəyanatında təsbit olunub) regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə ölkələr arasında sülh müqaviləsinin bağlanmasına fəal hazırlığın vacibliyini vurğulayıb və buna hər cür dəstək verməyə davam edəcəyini öhdəsinə götürüb.
"Yəni bizim yanaşmamız təkcə sabit deyil, həm də ölkəmizin imzası olan sənəddə qeyd olunub. Bu cür yardımın həcmi və forması danışıqlar aparan tərəflərin hər biri üçün məqbul olmalı, əldə edilmiş razılaşmalar çərçivəsində olmalıdır. Moskva dəfələrlə sülh müqaviləsi layihəsi üzrə Azərbaycan-Ermənistan danışıqlarının raundlarını qəbul edib. Bunu gələcəkdə də etməyə hazırıq", - deyə Zaxarova bildirib.
O qeyd edib ki, Moskva hər iki nümayəndə heyətinin işi üçün onlara məqbul olan ikitərəfli formatda maksimum rahat şəraitin yaradılmasına zəmanət verir.
"Müttəfiqlərimiz arasında balanslaşdırılmış sülh müqaviləsinin bağlanmasını regionda bölünməz təhlükəsizlik arxitekturasının və davamlı iqtisadi inkişafın qurulması üçün ilkin şərt hesab edirik", - deyə Rusiya XİN-in rəsmi nümayəndəsi bildirib.
O, qalan fikir ayrılıqlarının tezliklə aradan qaldırılacağına, ən yüksək səviyyədə ikitərəfli razılaşmalar çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasının digər istiqamətlərində uğurlu irəliləyişə ümid etdiyini bildirib.