Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Zulayho Mahkamova: “Özbəkistanda Azərbaycan kapitalının iştirakı ilə 210 müəssisə fəaliyyət göstərir”
“Qoşulmama Hərəkatının bugünkü konfransı gender bərabərliyinə nail olmaq və qadınları dəstəkləmək üçün böyük əhəmiyyət kəsb edir”.
“Report” xəbər verir ki, bunu Özbəkistan baş nazirinin müavini Zulayho Mahkamova Bakıda “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Özbəkistan qadınların hüquqlarının inkişaf etdirilməsi missiyasına qoşulub:
“Ölkəmiz bu məqsədə çatmaq üçün bir sıra mühüm addımlar atıb. Belə ki, 100-ə yaxın hüquqi sənəd qəbul edilib, bu məsələ ilə bağlı bir sıra beynəlxalq sənədlər ratifikasiya olunub”.
Baş nazirin müavini qeyd edib ki, qadın sahibkarlığını dəstəkləmək üçün Özbəkistan güzəştli sistemlə kreditlər verməyə başlayıb.
Z.Mahkamova vurğulayıb ki, bu konfrans Özbəkistanla Azərbaycan arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə xidmət edəcək:
“Bu tədbir iki ölkə arasında bir çox sahələrdə əməkdaşlığın inkişafı üçün çox vacibdir. Özbəkistanda Azərbaycan kapitalının iştirakı ilə 210 müəssisə fəaliyyət göstərir və iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün potensial mövcuddur”.