Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Zurabişvili yeni ofisində "prezident funksiyalarını" davam etdirəcəyini bildirib
Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili Tbilisidə keçirdiyi brifinqdə yeni ofisini təqdim edib və burada "prezident funksiyalarını" davam etdirəcəyini bildirib.
Oxu.Az bu barədə TASS-a istinadla xəbər verib.
"Bu gün sizi Orbeliani sarayının (prezident iqamətgahı - red.) davamı olan bu yeni ofisdə qəbul etmək istəyirəm. Bəlkə də Orbeliani sarayına bənzəmir, amma onun ruhu da, canı da buradadır və prezident funksiyası burada davam edəcək", - deyə Zurabişvili bildirib.
Onun sözlərinə görə, ölkə dərin böhrana düşüb, bundan çıxış yolu təkrar parlament seçkisinin təyin edilməsidir.
Zurabişvili Gürcüstan əhalisi ilə görüşəcəyini deyib, yanvarın 10-da ölkənin qərbindəki Zuqdidi şəhərinə gedəcəyini vurğulayıb.
"Mən prezidentəm və prezident olaraq qalacağam", - deyə o, brifinqdə qeyd edib.
Zurabişvilinin ofisi Tbilisinin mərkəzində, Çovelidze küçəsində yerləşir. Brifinq zamanı onun arxasında Gürcüstan və Avropa İttifaqının bayraqları ilə yanaşı, prezident ştandartı da olub.
Xatırladaq ki, Gürcüstan parlamentində dekabrın 29-da altıncı Prezident Mixail Kavelaşvilinin andiçmə mərasimi keçirilib. O, dekabrın 14-də seçicilər kollegiyası tərəfindən beş il müddətinə seçilib. Bu, Gürcüstan prezidentinin ilk qeyri-birbaşa seçkisi olub. Andiçmə mərasimi ilə paralel olaraq Zurabişvili prezident iqamətgahının həyətində tərəfdarları qarşısında çıxış edərək, oranı tərk etdiyini, lakin siyasi mübarizəni davam etdirəcəyini bildirib. Zurabişvili 26 oktyabr parlament seçkisinin nəticələrini tanımır və özünü yeganə legitim prezident hesab edir.