29 
Dek
2016
13:20
138
29
6703
Virtual karabakh

Xızının qarlı dağlarında ailəvi sərgüzəştlər - FOTO + VİDEO

29 Dek, 2016
13:20
6703

Xızının qarlı dağlarında ailəvi sərgüzəştlər - FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Active mom`s Club” üzvləri gəzintinin ilk gününü geridə qoydu.

Şəhərin səs-küylü həyatından çox uzaqlarda, nağıllar aləmindəki  gözəl qış mənzərəsi ilə, qarlı dağlar əhatəsində, isti buxara ətrafında, adı kimi cənnət olan Xızı rayonunda, Altıağacda yerləşən “Cənnət bağı”nda “Active Mom`s Club” ilin sonuncu layihəsi ilə 2016-cı ili geridə qoydu. “Cənnət bağı” şirkətlər qrupunun dəstəyi ilə “Active Mom`s Club” və “Çölçü” klubunun birgə təşkil etdiyi açıq təbiətdə gəzinti layihəsinin ikinci mərhələsi bu dəfə qış mövsümündə reallaşdı. 

Bu barədə Oxu.Az-a “Active mom`s Club”ın layihə rəhbəri Şəbnəm Hümbətli məlumat verdi.

Azərbaycanın ən gözəl bölgələrindən olan Xızıya 2 günlük səfər çərçivəsində “Active Mom`s Club” analar cəmiyyətinin üzvləri öz doğmaları ilə birlikdə yeni ilini qarlı, buz kimi təmiz dağ havasında, təbiətlə baş – başa qeyd etdilər. Uşaqdan böyüyə hər kəsin maraq dairəsini əhatə edən “Çölçü” klubun aktiv üzvləri də ilin son layihəsini unudulmaz xatirəyə çevirdi. 

“Ailəvi yeni il sərgüzəşti” adlı  layihənin 2 günlük səfər proqramına qatılan 50 nəfərlik qonaq  Xızıya çatan kimi əyləncə dolu günə başladı. “Çölçü” klubunun təşkil etdiyi proqrama əsasən, “Active Mom`s Club” anaları öz ailələri ilə birlikdə təpəyə dırmanaraq qarla örtülmüş Xızı dağlarının əzəmətini seyr etdilər. Daha sonra ailəvi şəkildə, çör-çöp yığaraq birlikdə tonqal qaladılar. Hər kəsin marağına uyğun oyunlar -  ox atma, halqa atma, tonqalda göbələk bişirmə və s. təbiətlə bir başa ünsiyyəti daha effektiv etmiş oldu. Hava qaralar-qaralamaz isə tonqal ətrafına toplanan qonaqlar kökü 5-ci əsrə dayanan 13-cü əsrdən Altay türklərinin günümüzdə “şaman” dedikləri dini ritualın rəqsini seyr etdilər. Altay vilayətinə məxsus milli musiqi alətləri ilə ifa olunan mahnı sədasına “Active Mom`s Club” analar cəmiyyətinin üzvləri ailələri ilə birlikdə tonqal ətrafında əyləcəli rəqslər etdi. Təbii ki, ilk gün bununla da bitmədi. Ailəsi ilə birlikdə dilək fənərlərini havaya buraxan qonaqlarımızı daha sonra sehrli nağıllardan bildiyimiz mənzərə - yanan buxara, al-əlvan bəzədilmiş şam ağacı yanında, “Cənnət bağı” şirkətlər qrupu tərəfindən uşaqdan böyüyə - hər kəsə verilən hədiyyələrlə ailə fotosu çəkdirdilər. Gənc müğənni Altun Zeynalov isə canlı musiqiləri ilə bu gözəl anları daha da unudulmaz etdi. Əyləncəli rəqslər burada da davam etdi. Beləliklə, “Active mom`s Club” üzvləri gəzintinin ilk gününü geridə qoydu.

Səhəri təmiz dağ havası ilə açan “Active moms Club” analarına “Altay maralı” Sanatoriya tipli Sağlamlıq Mərkəzinin kosmetoloqu mərkəzin biloji məhsullar barədə ətraflı məlumat verdi. Bildirildi ki, Altaydan gətirilərək Altıağacda təsərrüfatı yaradılan maralların tam sümükləşməmiş buynuzlarından – pantlardan – pant vannaları, pant mikroimalələri və maskaları hazırlanır. Dəriyə qulluq vasitələrindən bəhs edən kosmetoloq kosmetoloji məhsulların tərkibində pantohematogendən, yəni Altay maralının sümükləşməmiş buynuzunun qanından hazırlandığını dedi. Daha sonra sağlamlıq mərkəzində ailələr üçün ekskursiya təşkil olundu. Burada onlar fitoçəlləklərlə, buxar prosedurları ilə və digər xidmətlərə tanış oldular. Faydalı məlumatlardan sonra ailələr Altıağac “Cənnət bağı”nın daxilində fəaliyyət göstərən heyvanxanaya da baş çəkdilər. Müxtəlif növ heyvanların arasında balacalar əyləndi, valideynlər isə onları heyvanlar haqqında məlumatlandırdı.

Ətraf aləm uşaqların rabitəli nitqinin inkişafında əsas amildir. Belə ki, təbiətlə tanışlıq uşaqların duyğularının, qavrayış və təsəvvürlərinin, təfəkkür və təxəyyüllərinin, xüsusilə nitqlərinin inkişafına böyük təkan verir. Təbiətə, onun gözəlliklərinə sadəcə baxmaq, həyəcan, heyranlıq doğurmadığı halda, bunları görmək heyrətlənməyə, təəccüblənməyə, hadisələrin sirrini bilməyə böyük maraq oyadır, uşaqları düşünməyə, səbəb və nəticələr arasındakı qarşılıqlı əlaqələri öyrənməyə təhrik edir. Əbəs yerə “Active Mom`s Club” belə bir gəzintini təşkil etməmişdi. Binalar, avtomobillər, ofislər və alış-veriş mərkəzləri həyatımızda daha çox yer tutmağa başladığı dövrdə insanın təbiətlə bir başa ünsiyyəti azalır. Bu isə, neqativ enerji, pessimistlik, stress və əsəblə nəticələnir. Həm sağlamlıqda həm də ailə tərkibində çatlaqlar yaradır.

“Active mom`s Club”ın bu layihəsinin də əsas məqsədi uşaqlar və valideynlər arasındakı münasibətləri inkişaf etdirmək, onları daha da yaxınlaşdırmaq, problemləri birlikdə həll etmək üçün komanda ruhunu yaratmaq və ən əsası 2 günlük olsa belə, ailə daxilində məsafələr yaradan texnalogiyadan uzaq tutub, yeni mühitdə yeni tanışlıqlar yaratmaq idi. 

“Active Mom`s Club” analarının və ailələrinin üzündəki razı, xoş təbəssümdən məqsədə nail olduğunu deyə bilərik. 

FOTO: Azər Kazımlı

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri