Bakıda adambaşına düşən lift ödənişləri ilə bağlı təklif hazırlanır.
Bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyininə yeni təyin olunmuş baş direktor Xalid Ələkbərov bildirib.
Onun sözlərinə görə, vətəndaşlar lift pulunu ödəmək istəmirlər:
“Biz də çalışırıq ki, digər qurumlar kimi, birlikdə sistem qurulsun və nağd ödənişdən qaçaq. Bu gün işçilərimiz vətəndaşdan 20 qəpik almaq üçün qapını döyür. Əhali elə düşünür ki, biz o pulu cibimizə qoyuruq. Amma onlar bilmir ki, adambaşına düşən lift ödənişlərinin qiyməti 20 qəpik deyil”.
Baş direktor qeyd edib ki, adambaşına düşən lift ödənişləri ilə bağlı təklif hazırlanır:
“Biz istəyirik ki, qiymətlərə baxılsın. Nazirlər Kabineti məsləhət bilsə, qiymətlər artırıla bilər. İdarəmiz dövlət vəsaitinin hesabına işləyir, əməkhaqqı veririk. Ödəniş az olduğu üçün işçilərin əməkhaqqını qaldıra bilmirik. Çünki dövlətdən maliyyələşirik.
Hesabatla götürəndə adambaşına lift pulu bir manat 80 qəpik-iki manata yaxın çıxır. Amma təklifdə minimum bir manat qeyd edilib. Bu məbləğ olsa və nağdsız hesaba keçilsə, işçilərimizin də qapı-qapı düşüb pul yığması məsələsi aradan qalxar. İnsan var ki, gedir bir manata adi su alıb içir, amma liftlə qalxmağa pul ödəyəndə deyir ki, niyə 20 qəpik ödəyirəm? Qiymət təklifdəki məbləğ olsa, lift xarab olanda onu təmir etmək, vəsait qoymaq olar”.
İlhamə Əbülfət
www.oxu.az
Rəylər