Dövlət Gömrük Komitəsi (DGK) ilə Ümumdünya Gömrük Təşkilatı arasında memorandum imzalanıb. Sənədə əsasən DGK Kinoloji Mərkəzdən Regional Kinoloji Təlim Mərkəzi kimi istifadə edə bilər. Bu çərçivədə 13 dövlətlə Beynəlxalq Əməkdaşlıq edirik.
Onlar arasında Makedoniya, Gürcüstan, Monqolustandı, Əfqanıstandı, Türkiyə, Siniqal, Toqo və bir çox başqa ölkələrin təlimçiləri bizim mərkəzdə təlim keçiblər.
Eyni zamanda həmin dövlətlərin Gömrük Xidmətlərinə narkotik vasitələrin axtarışı üzrə itlər təhvil verilib. 2012-ci ildə Makedoniya Respublikasına verdiyimiz itlərdən biri Makedoniya-Yunanıstan sərhədində 20 kiloqrama yaxın heroin aşkar edib.
Bu isə bizim keçdiyimiz təlimlərin keyfiyyətindən xəbər verir ki, bu da bizim işimiz üçün güclü stimuldur.
Kinoloji Xidmətin itləri Beynəlxalq yarışlarda yüksək nailiyyətlər göstərərək mükafatlara layiq görülürlər.
Bu sözləri Oxu.Az-a Maştağa-Zabrat şosesində yerləşən Kinoloji Mərkəzin rəisi, Gömrük Xidməti polkovnik-leytenantı İlkin Osmanov deyib.
Çəkiliş zamanı İlkin Osmanovla maraqlı məqamlara toxunsaq da bu barədə bir qədər sonra.
2003-cü ildən istifadəyə verilən Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzindəyik.
Mərkəzin üç hektara yaxın ərazisində, iki böyük təlim meydançası inzibati bina, baytarlıq klinikası, 100 baş itin saxlanması üçün saxlanc yerləri, karantin, mətbəx, itlərin gigiyenik qaydalara görə çimizdirilməsi üçün iki ayrı-ayrı hamamlar var.
İlkin Osmanov
Mərkəzin saxlanc yerlərində saxlanan itlərin səsi qulaq batırırdı. Buna baxmayaraq ərazi ilə tanış olduqdan və kiçik arayışdan sonra təlim meydançasına yollandıq.
Burada əyani şəkildə itlərin təlim proseslərini izlədik. Heyvanların fiziki cəhətdən daim formada qalması və çevik olması üçün onları gün ərzində bir neçə saat qaçış qurğusu üzərində məşq edirlər.
Bu itlərin aeroportlarda axtarış lentləri üzərində daha yaxşı işləyə bilmələri üçün önəmlidir.
Ümumiyyətlə bu çevik “Dördayaqlı əsgərlər”in təlim prosesi ilk olaraq bu otaqdan başlayır.
Təlimin ilk mərhələsi itlərin oyuncağa və oynamağa olan marağı müşahidə edilir. Bu onların xidmətə yararlı olub-olmaması üçün ən önəmli faktordur.
Gömrük Xidməti polkovnik-leytenanti İlkin Osmanov deyir ki, bir itin təliminə beş-altı ay vaxt lazım olur:
“Xidməti itlərin əldə olunması üçün 2009-cu ildən başlayaraq damazlıq və dölçülük işi təşkil olunub. Xidmət üçün itləri çalışırıq onlardan seçək. İtlərdən balalar alınır və bu balalar müəyyən aylara qədər bəslənilir.
Daha sonra onlara təlim keçilərək xidmətə yararlı olub olmadıqları yoxlanılır. İtlərin ortalama xidmət dövrü səkkiz-doqquz il olaraq qiymətləndirilir.
Çünki artıq doqquz yaşdan sonra itlərin fiziki gücü əvvəlki kimi olmur. Təlimə başlayan itləri əvvəlcə oyuncaq üzərində işlədirik.
Oyuncağa bağlandıqdan sonra müvafiq olaraq oyuncaqlar həqiqi narkotik vasitələrlə əvəzlənir. İtlərə ən əsas beş narkotik vasitənin – tiryək, həşiş, çətənə, heroin və kokain.
Bundan başqa müxtəlif tütün məhsulları, stimulyatorların, pirotexniki vasitələr və risk qrupuna düşən digər əşyaların iyi öyrədilir.
Qoxuların mənimsənilməsi üçün sərf olunan müddət bir az fərqlənir. Təbii ki, bu itlərin öz marağından da asılıdır.
İtlərə narkotik axtarışı üzrə üç-dörd ay, silah-sursat, partlayıcı maddələrin axtarışı üzrə beş-altı ay, pul əskinasları və tütün məhsullarının axtarışı üzrə üç-dörd ay təlim keçilir. Bir itin təlim prosesi bitdikdən sonra o bir müddət sərhəd keçid məntəqələrinə göndərilir.
Ümumiyyətlə təlimlər yalnız təlim meydançasında deyil, avtovağzallarda, aeroportlarda da aparılır ki, itlər ərazilərə daha tez alışsınlar.
Elə it var, ona sadəcə tütün və narkotik vasitələr öyrədilir, eləsi də var daha çox pirotexniki vasitələrin qoxularına üstünlük verilir. Bunun da səbəbi onları sərhəd keçid məntəqələrinə göndərən zaman qruplara bölməkdir.
Respublika ərazisinə sərhəd ölkələrdən qeyri-qanuni yollarla gətirilən əşyaların, məhsulların istiqamətləri fərqli olur. Cənub zonası bu gün üçün nisbətən daha riskli hesab edilir”.
Damazlıqdan alınan balaların xidmətə yararlılıq səviyyəsi də hər zaman yüksək olmur. Reportaj zamanı öyrəndik ki, 10 itdən ancaq dördü xidmətə yararlı olsa, bu böyük nəticə hesab olunur. Xidmətə ancaq 99,9 faiz yaralı olacaq itlər seçilir.
Xidmətdə əsasən alman çoban itləri, ispaniel, labrador, malinoa kimi tanıdığımız - Belçika çoban itlərindən istifadə olunur.
Bu cins itlər həm itaət etmədə, həm axtarışda, həm iybilmədə, həm də insanlarla ünsiyyətdə özlərini daha yaxşı göstərirlər. Tarixən ən güvənli itlər alman çoban itləri olub.
Professional olaraq onlar xidmətə daha çox yarayırlar. Ancaq son beş ildə Belçika çoban itlərinə üstünlük verilir.
Onlar Avropanın özündə də daha hərəkətli, daha yaxşı axtarış edən və daha ünsiyyətcil hesab edilirlər.
İ.Osmanov deyir ki, xidməti istifadə üçün seçilən itlər əsasən dörd keyfiyyətinə görə müəyyən edilir:
“Bəzən biz fiziki vətəndaşlardan da müqavilə əsasında itlər alırıq. Bizə müraciətlər daxil olur bu barədə. İtlərin 10 gün müddətinə əsas dörd keyfiyyətlərinin yüksəklik dərəcəsi yoxlanılır.
İlk olaraq itin insanlarla münasibəti normal olmalıdır, oyuna (ov şikarına) olan marağı mümkün qədər yüksək olmalıdır, həmçinin dişi-erkək olmasından asılı olaraq spesifik xüsusiyyətləri və sağlamlığına diqqət yetirilir.
Dünyada itlərin təlim qaydaları iki üsulla aparılır - oyun və yem vasitəsilə.
Bunlardan özünü ən çox doğruldan oyun üsuludur. Bu gün 60-a yaxın xidməti it var və onların 70 faizini alman çoban itləri təşkil edir. Amma malinoa kimi tanıdığımız - Belçika çoban itləri də özünü çox yaxşı doğruldur”.
Bir neçə dəqiqə sonra əyani sürətdə təlim prosesinin şahidi olduq. Bu gördüyünüz xidməti itin adı Ançardır.
Onun dörd yaşı var. Kinoloqun başla əmri ilə Ançar (it) gördüyünüz şəxslərin üzərində gizlədilən əskinasları tapmağa çalışacaq.
Və budur, Ançar cəmi bir neçə dəqiqə ərzində ona verilən tapşırığın öhdəsindən gəldi.
Bundan başqa Ançar qatarda gizlədilən tiryək maddəsini də bir neçə dəqiqə ərzində tapdı.
Qeyd ki, gizlədilən yerləri və şəxsləri birbaşa biz özümüz seçdik.
Axtarış itlər üçün oyundur. İt axtardığı predmetin anlamını bilmir.
Prosesi oyun olaraq görür. Predmeti tapır və sonda topla mükafatlandırılır.
Təbii ki, itlərin bu cür təlim almalarına səbəb Mərkəzin bazasında təcrübəli kinoloqların olmasıdır.
Bu itlərin 49-u sərhəd-keçid məntəqəsində xidməti fəaliyyətdədirlər.
Mərkəzin ən məşhur itləri isə Reks və Ançardır. 2018-ci il ərzində Kinoloji Xidmətin axtarış itlərinin tətbiqi nəticəsində 32 hüquqpozma faktı qeydə alınıb:
2018-ci il üzrə Xidməti axtarış itlərinin tətbiqi nəticəsində aşkar edilmiş faktların sayı | 32 hüquqpozma faktı |
2.Narkotik Vasitələr | |
2.1. heroin | 827 kiloqram 485 qram |
2.2. tiryək | 49 kiloqram 706 qram 141 milliqram |
2.3.həşiş | 3 kiloqram 113 qram |
2.4.marixuana | 18 qram 35 milliqram |
2.5.hidrokodon-asetamin | 90 həb |
2.5.metadon(M20, M40) | 23 həb |
2.6.metadon məhlulu | 160 həb |
2.7.buprenorfin | 3 həb |
3.Psixotrop maddələr | |
3.1.metanfetamin | 131 qram 789 milliqram |
3.2.metilfenidat | 180 həb |
2.4.diazepam | 64 həb |
3.2.tramadol | 4 həb |
3.1.Pregabalin 75 | 4 həb |
4.Tütün məmulatları(siqaret) | |
4.1.Müxtəlif markalı | 30400 ədəd |
5.Pirotexniki vasitələr | |
5.1.Müxtəlif markalı | 98182 ədəd |
İ.Osmanov 2009-cu ildən başlayaraq xidməti itlərin hər il beynəlxalq və daxili yarışlarda iştirak etdiklərini də qeyd edir:
“Əsasən beynəlxalq yarışlarda iştirak edirlər. Bu gördükləriniz itlərin qazandığı uğurların nəticələridir”.
Əslində itlərin iybilmə xüsusiyyətlərinin bu qədər güclü olmasının səbəbi iylər haqqında elmdə gizlidir. Bu elm Odorologiya adlanır.
Bəşəriyyətdə canlı-cansız hər şeyin özünə xas spesifik qoxusu olur. Mərkəzdə onun elmi araşdırmasını aparırlar.
İlkin Osmanov fürsətdən istifadə edərək ilk dəfə Oxu.Az-a özəl olaraq qanunsuz yollarla ölkəyə gətirilən pulların aşkarlanması üçün itlərə əskinazların qoxusunun öyrədildiyini də dedi:
“Ümumiyyətlə itlərdə xüsusi iybilmə lampaları olur. Bu lampalar insanlara nisbətən üç dəfə böyükdür, baxmayaraq ki, beyinləri insan beynindən 10 dəfə kiçikdir.
İnsanlarda altı milyon iybilmə reseptoru varsa, itlərdə bu rəqəm 250 milyondur.
İtlərdə həmin respiratorları daha da aktivləşdirmək üçün təbii yollarla müdaxilə etmək istəyirik. Bu istiqamətdə dünyada bu işi aparan yoxdur desək yanılmarıq.
Fenomen deyilən kimyəvi maddə var. Bu maddə itlərdə iybilmə qabiliyyətini daha da gücləndirir. Sovet dövründə bu maddəni axtarış itlərinə verirdilər. Sonradan itlərdə asılılıq yaratdı deyə istədikləri nəticəni ala bilmədilər.
Sovetlər Birliyi dağıldı və proses yarımçıq qaldı. Bizim hazırladığımız dərmanın 90 faizi təbii inqridiyentlərdəndir.
Hazırda onun təcrübədən keçiririk. Dərman itin yağ-piy qatlarını əridir, ondan enerji alıb, itin hərəkətinə verir. Bu, birinci mərhələdir. İkinci və əsas mərhələnin üzərində işləyirik. Bu məsələdə bizə laboratoriyalardan kömək lazımdır. Hələ ki danışıqlar gedir, əgər bunu əldə edə bilsək bu çox böyük uğur olacaq”.
İlkin Osmanov son olaraq bir neçə sualımızı da cavablandırıb.
- Əsasən dişi yoxsa erkək itlərə üstünlük verirsiniz?
- Maraqlı sualdır. Belə deyim, bu gün xidməti itlərin 60 faizi dişi itlərdir. Bunun da səbəbi var. Təbiətinə görə dişi itlər itaət baxımından daha tez əmrə tabe olur.
Bildiyiniz kimi təlimçilərimiz demək olar ki, bəylərdən ibarətdir. Ümumiyyətlə biz bölgələr üzrə sərhəd keçid məntəqələrinə xidməti itlər göndərən zaman onun rənginə, təzyiqinə, xüsusiyyətlərinə də fikir veririk. Məsələn, Cənub bölgəsi isti olduğundan çalışırıq ki, o bölgəyə qara rəngli itlər göndərməyək.
- Daxili orqanlarında narkotik vasitə keçirməyə çalışan insanları itlər təsbit edə bilirmi?
- Bilirsiniz qanunla Kinoloji Xidmətin insanlar üzərində tətbiqi qadağandır. Qanunvericilik buna icazə vermədiyi üçün biz yalnız cansız, hərəkətdə olmayan-əl yükləri, avtomobil vasitələr və sairə hədəflər üzərində işləyə bilərik.
- Kinoloji Xidmət itləri təqaüdə çıxırmı?
- Bəli balansdan silinən itlər mərkəzdən uzaqlaşdırılır. Səkkiz-doqquz yaşdan sonra itlər balansdan silindiyi üçün onların yem rasionu, dərman rasionu təsərrüfatdan ayrılır.
Əsasən bu itləri vaxtilə onlarla çalışan təlimçilər ərizə ilə müraciət edərək götürmək istəyirlər. Ümumiyyətlə həmin itləri fiziki şəxslər də götürə bilər. Rəsmi olaraq ərizə ilə müraciət edirlər və sənədləşmədən sonra təhvil təslim aparılır.
- Bəs, bu dərman itin sağlamlığına mənfi təsir etmir?
- Təcrübəni xidməti fəaliyyətdə olmayan itlərin üzərində aparırıq. Dərmanın tərkibini tam açıqlamayacam. Bu maddəni əldə etdikdən sonra mətbuata geniş açıqlama veriləcək. Təxminən 10-15 inqrediyent əsasında toplanacaq.
- İtlərin cütləşmə ərəfəsində iş fəaliyyəti aşağı düşürmü?
- Biz çalışırıq ki, xidməti fəaliyyətdə olan dişi və erkək itləri bir-birinə yaxın buraxmayaq. Canlıların təbii ehtiyaclarını nəzərə alırıq. Dediyim kimi damazlıqda saxlanc məntəqələrində təlimə hazırlanan itlərdən bala almağa üstünlük veririk.
“Ançar həkimi görər-görməz sol pəncəsini qaldırır və yerə yatır”
Mərkəzdə müasir avadanlıqlarla təchiz olunmuş baytarlıq klinikası da fəaliyyət göstərir ki, burda itlərin müayinə və müalicəsi üçün hər cür imkanlar var.
Baytarlıq klinikasının rəisi Səbinə Hacıyeva deyir ki, gün ərzində itlərin gigiyenik təmizliyinə baxılır:
“İtlərin dırnaqları, qulaqları təmizlənir, ilk yardım göstərilir. Daha çox itlərdə döş xərçənginə rast gəlinir.
Xüsusilə beş-altı yaşlarda bu xəstəlik müşahidə edilir. Təəssüf ki, bəd xassəli olduğu üçün artıq o itlər xidmətə yararsız olur. Bir neçə müddət əvvəl Ançar pəncəsini zədələmişdi.
Üç ay tez-tez bura müalicə üçün gətirirdilər. Daha sonra klinikanın ətrafından keçən kimi pəncəsini qaldırır və yazıq sifəti alır ki, onu bura gətirsinlər. Sığalı, diqqəti çox sevir”.
Bundan başqa itlərin mətbəxi, hamamı da var.
Onu da qeyd edək ki, Kinoloji Mərkəzin kifayət qədər zəngin və diqqət çəkən muzeyi var.
Bu muzeyi isə xidməti itlərin yarışlarda qazandığı mükafatlar bəzəyir.
Könül Cəfərli
Fotolar : Ramil Zeynalov
Dövlət Gömrük Komitəsinin 30 yanvar gömrük əməkdaşlarının peşə bayramına həsr olunan "Gömrük orqanlarında aparılan islahatlar: müasir tələblər və çağırışlar" mövzusunda yazı müsabiqəsinə təqdim edilir.